LMDh sinifində yarışacaq prototiplərini nümayiş etdirmiş BMW və Cadillac brendlərinin ardınca, Porsche brendi də öz prototipi üzərindəki sirr pərdəsini götürüb. Qudvudda keçirilən Sürət Festivalında nümayiş etdirilmiş yeni Porsche 936 prototipinin yarış debütü gələn il baş tutmalıdır.

Yarış avtomobili Porsche Penske Motorsport komandasının tərkibində Şimali Amerikanın IMSA WeatherTech SportsCar Championship və FIA World Endurance Chapionship (WEC) çempionatlarında iştirak edəcəkdir.

Alman brendinin bu layihədəki tərəfdaşı Kanadanın Multimatic mühəndislik şirkəti olub. Kanadalılar yeni yarış avtomobilini LMP2 kateqoriyasına aid olan prototipin bazasında inşa ediblər. Prototipin hibrid güc qurğsunda bütün istehsalçıları üçün ümumi olan Bosch, Williams Advanced Engineering və Xtrac şirkətlərinin komponentlərdən istifadə edilir. Daxili yanma mühərrikini isə, Porsche şirkəti hazırlayıb.

Yarış aqreqatının əsasını Porsche 918 Spyder hibrid superkarından götürülmüş turbokompressorlu 4,6-litrlik V8 mühərriki təşkil edir. Qeyd etmək gərəkdir ki, 918 Spayder modeli bu mühərriki Porsche və Team Penske komandasının 2005-2008-ci illərdə çoxsaylı qələbələr qazandığı Porsche RS Spyder yarış prototipindən almışdı.

Yeni Porsche 963 prototipinin dizaynı 1980-ci illərdə qalib gəlmiş klassik 956 və 962 modellərindən ilham alınaraq yardılıb. Kuzovun arxa tərəfdəki işıqlanan zolaq isə, son 992 nəslindən olan 911 sportkarının müvafiq elementini təkrarlayır.

Ağ, qırmızı və qara rəngli livreya keçmişin Porsche yarış sportprototiplərinə işarə edir. Ümumiyyətlə, Porsche nümayəndələri yeni prototipin “Le Manın 24 Saatı” marafonunda qalib gəlmiş 917, 935, 956, 962 və 919 Hybrid modellərinin uğurlarını təkrarlayacağına ümid edirlər.

Porsche Penske Motorsport komandası ümumilikdə dörd prototipi hazırlayır. Bu prototiplər, müvafiq olaraq, IMSA və WEC çempionatındakı proqramlara cavabdeh olacaq, amerikan komandasının Mürsvill (Şimali Karolina) və Mannheymdəki (Almaniya) bazalarında inşa ediləcəklər.

Yeni mövsümdə zavod komandası ilə yanaşı, müştəri komandaları da Porsche 936 prototipindən istifadə edə biləcəklər. Yeni avtomobil artıq sınaqlarda səkkiz min kilometrə yaxın məsafə qət edib və Bəhreyndə keçiriləcək FIA WEC çempionatının final mərhələsində yarış şəraitində sınaqdan keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche 963 prototipinin rəsmi yarış debütü 2023-cü ilin yanvarında ABŞ-da keçiriləcək “Daytonanın 24 saatı” yarışında baş tutacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.