Porsche Taycan elektrik sedanının debütündən bir il yarım sonra, Porsche Taycan Cross Turismo versiyası da işıq üzü görüb. Yeni modelin kuzovunu liftbek ilə universalın calağı hesab etmək olar. Üstəlik, Cross Turismo təkər tağları və kandarlardakı plastik əlavələr kimi “off-road” atributlarına malikdir. Əlavə ödəniş ilə, bamperlərin künclərində qara əlavələrin quraşdırılmasını nəzərdə tutan Off-Road Design paketini sifariş etmək olar.

Avtomobilin uzunluğu nəzərə çarpmayacaq dəcərəcə - 11 millimetr (4974 millimetr) böyüyüb, onun hündürlüyündəki 28 millimetrlik (1409 millimetr) artım isə, bütövlükdə kuzovun payına düşür. Məsələn, ikinci sıranın oturacaqlar üstündəki məkan 36 millimetr artıb. Sedanda olduğu kimi, pnevmatik asqıya malik olan şassi də standart təchizata daxildir. Fərqli asqı tənizmləmələrinə və 30 millimetr artırılmış klirensə malik olan Off-Road paketi isə opsiyadır.

Əlbəttə ki, beşqapılı versiya baza sedanından daha praktikdir, lakin yenə də tam ölçülü universal deyil. Arxa baqaj bölməsinin həcmi standart versiyalar üçün 407-dən 446 litrə, digər invertorlara malik olan Turbo versiyaları üçün isə, 366-dan 405 litrə qədər artırılıb. Arxa oturacaqların qatlanması halında baqaj bölməsnin tutumu, müvafiq olaraq, 1171 və 1212 litrə çatır. Ön baqaj bölümün həcmi də 81 litrdən 84 litrə qədər artırılıb. Əlavə bir ödəniş ilə, 75 kiloqtrama qədər yükü saxlayan dam reylinqlərini və velosipedlər üçün xüsusi bərkitmə mexanizmini sıfariş etmək olar. Sonuncu, velosipedləri  çıxarmadan beşinci qapını açmağa imkan verir.

Beşqapılı Taycan modelinin arxa ötürməli baza versiyası olmayacaq, eyni zamanda, Cross turismo 79,2 kilovat-saatlıq batareya ilə təchiz edilməyəcəkdir. Bütün modifikasiyalar iki elektrik mühərriki (arxadakı ikipilləli reduktor ilə), tam ötürmə sistemi və 93,4 kilovat-saatlıq Performance Plus batareyası ilə təklif olunacaqdırlar. Güc qurğuları baxımından universal ilə sedan arasında fərq demək olar ki, yoxdur - yeganə fərq, hərəkət elektronikasına əlavə edilmiş Gravel Mode rejimidir.

Porsche Taycan 4 Cross Turismo modelinin baza versiyası (sedanın oxşar versiyası yoxdur) standart rejimdə 380 at qüvvəsinə və aktivləşdirilmiş launch control sistemi ilə maksimal 476 at qüvvəsinə malikdir. Cross Turismo modeli 100 km/saat həddinə sürətlənməyə 5,1 saniyə sərf edir. Taycan 4S Cross Turismo versiyası isə, müvafiq olaraq 490 və 571 at qüvvəsinə malikdir. S versiyası 100 km/saat həddini 4,1 saniyəyə toplayır.

Porsche Taycan Turbo Cross Turismo verisyası standart rejimdə 625 at qüvvəsinə, pik rejimində isə 680 at qüvvəsinə malikdir. Turboversiya 100 km/saat həddinə sürətlənmətə 3.3 saniyə sərf edir. Nəhayət, model xəttinin zirvəsində yerləşən Taycan Turbo S Cross Turismo modeli, müvafiq olaraq, 625 və 761 at qüvvəsinə malikdir. Top modifikasiya 100 km/saat həddini 2,9 saniyəyə toplayır. Ancaq, onun maksimal sürət həddi 250 km/saatda məhdudlaşdırılıb. Dolu batareya ilə bütün versiyaların yürüş ehtiyatı çox yaxındır: WLTP dövrünə əsasən 388-395 kilometr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Taycan Cross Tyrismo modelinin satışlarına bu ilin yayında başlanmalıdır. Avropadakı qiymətlər 93,600 avrodan başlayır (sedan üçün 83,500 avroya qarşı). Dilerlər artıq sifarişləri qəbul etməyə hazırdırlar.