Renault Group və Geely Auto konsernləri fransız tərəfinin kapitalın artırılması mexanizmi vasitəsilə Renault Korea Motors bölməsindəki 34,02 faizlik payının Çin tərəfinə ötürülməsi barədə razılığa gəliblər. Geely, müqavilə müvafiq orqanlar tərəfindən təsdiqləndikdən sonra, törəmə şirkəti olan Centurion Industries Limited vasitəsilə bu paya sahib olacaqdır. Eyni zamanda, Renault qrupu RKM bölməsinin əsas səhmdarı olaraq qalacaqdır.

Xatırladaq ki, bu ilin yanvarında iki şirkət Cənubi Koreyada tamamilə yeni xəttdən olan avtomobillərin birgə istehsalına başlayacaqlarını bəyan etmişdilər. Yeni xəttdən olan modellər yalnız daxili yanma mühərrikləri və hibrid güc qurğuları ilə təchiz ediləcəklər. Onlar Volvo mütəxəssislərinin iştirakı ilə hazırlanmış Compact Modular Architecture (CMA) platformasına əsaslanacaqlar.

Avtomobillərin istehsalına 2024-cü ildə, RKM bölməsinin Busandakı zavodunda başlanacaqdır. İstehsal meydançasından əlavə, Renault layihədə dizayn, bəzi qabaqcıl texnologiyalar və müştəri xidmətləri ilə iştirak edəcəkdir. Bundan başqa, avtomobillərin satışı və onlara texniki xidmət Renault markasının mövcud olan diler şəbəkəsinə tapşırılacaqdır.

Tərəfdaşlar yerli bazarda mövqelərini gücləndirməklə yanaşı, ixrac imkanlarını da nəzərdən keçirmək niyyətindədirlər. Əvvəllər, Geely konserninin bu sövdələşmə vasitəsilə özünün Lynk & Co brendini (bütün modelləri CMA platformasına əsaslanır) Cənubi Koreya ilə azad ticarət müqaviləsi olan ABŞ bazarına çıxarmaq istədiyi barədə şayiələr dolaşırdı.

Öz növbəsində, Renault Çindəki mövcudluğunu yenidən artıra bilər: keçən il fransızlar Səma İmperiyasındakı bizneslərini əhəmiyyətli dərəcədə ixtisara salmışdılar. Fransız markası daxili yanma mühərrikləri olan minik avtomobillərinin istehsalını və satışını tamamilə dayandırmış, yalnız elektromobilləri və kommersiya avtomobillərini saxlamışdı.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.