Karlos Qonun həbsindən və işdən çıxarılmasından sonra, bir çoxları Renault-Nissan-Mitsubishi alyansının parçalanacağını gözləyirdilər. Tərəfdaşların həqiqətən bir-birlərinə qarşı çoxsaylı iddiaları mövcuddur, amma mövcud iqtisadi vəziyyətdə alyansın dağdılmasını intihara bərabər etmək olar. Şirkət rəhbərləri də bunu anlayırlar və bütün narazılıqları bir kənara qoyaraq, yeni fəaliyyət strategiyasını hazırlayıblar. Bu gün yeni strategiya alyansın əməliyyat şurasının sədri Jan-Dominik Senar tərəfindən təqdim olunub.

Proqramın haqqında təfərrüatlar artıq uzun müddətdir ki, mediada müzakirə edilirdi və ona görə də, hər şey sürprizsiz ötüşüb. Strategiyanın əsas mahiyyəti alyans üzvlərinin dünya bazarlarını "təsir bölgələrinə" bölüşdürməsindədir. Şirkətlər daha güclü mövqelərə sahib olduqları bazarlara yönəlməlidirlər.

Məsələn, Renault şirkəti alyansın Avropa, Rusiya, Cənubi Amerika və Şimali Afrikadakı işlərinə cavabdeh olacaqdır. Nissan şirkəti Yaponiya, Şimali Amerika və Çini öz qanadı altına alacaqdır. Mitsubishi Motors şirkətinə isə Cənub-Şərqi Asiya, Avstraliya, Yeni Zelandiya və onlara bitişik adalara nəzarət etmək qalır. Bir məsələni anlamaq gərəkdir ki, söhbət bu bölgələrdəki strateji planlaşdırmadan gedir: markaların qeyri-profilli bazarlardan çıxması planlaşdırılmır. Bənzər idarəetmə modelini bir neçə il bundan əvvəl Volkswagen konserni tətbiq etmişdi.

Bənzər bölğü avtomobillərin yaradılması sahəsində də həyata keçirilməlidir. Hər bir bazar seqmentində alyansın üç şirkətindən birinə təhkim edilmiş "ana avtomobili" olacaqdır. Bu modelin digər markalar altında yaradılacaq versiyaları maksimal dərəcədə unifikasiya ediləcəkdirlər - bu həm platformaya, həm də kuzovlara aiddir. Üstəlik, çoxmarkalı ailənin yaradılması və istehsalı "ana" şirkət tərəfindən həyata keçiriləcəkdir.

Məsələn, Renault şirkətinə B seqmentindən, Nissan şirkətinə isə C seqmentindən olan krossoverlərin yaradılması tapşırılıb. Bu halda yeni Captur krossoveri Nissan Juke və Mitsubishi ASX modelləri olaraq Renault tərəfindən yaradılıb istehsal ediləcəkdirlər. Ümumiyyətlə, bu yanaşma indi də tətbiq olunur, lakin yeni strategiya sayəsində alyans modellərin yaradılmasına qoyulan sərmayəni indikinə nisbətən 40% azaltmağı planlaşdırır. Söylənilənlərin tətbiq edilməsi halında, 2025-ci ildə modellərin yarısı yeni lider-təqibçi sxeminə əsasən yaradılmalıdır.

Alyans üzvləri perspektivli sahələr üzrə məsuliyyəti də bölüşdürüblər. Məsələn, Nissan şirkəti CMF-EV platformasında yaradılacaq pilotsuz nəqliyyat vasitələri və iri elektromobillər ilə məşğul olacaqdır. Renault qrupu CMF-A/B platformasında inşa edilən elektromobillərə, elektronika və onlayn texnologiyalara nəzarət edəcəkdir. Mitsubishi şirkətinə qoşulan hibridlər sahəsi tapşırılıb. Nəhayət, Renault şirkətinə, fransızların açıq üstünlüyə malik olduğu yüngül kommersiya avtomobilləri seqmentini gücləndirmək tapşırılıb.