Xorvatiyanın Rimac şirkəti yeni C_Two superkarının buraxılacağı istehsal xəttinin yaradılmasını başa çatdırıb. Bunun üçün şirkət ölkənin şimalında yerləşən Veliko-Trqovişçe qəsəbəsində ayrıca istehsal müəsissəsini inşa edib. Yeni müəssisə ayda dörd superkar buraxacaqdır. Hər bir superkarın yığılmasına beş həftə tələb olunur. Buraya Sveta-Nedelya şəhərindəki əsas zavodda istehsal edilən komponentlərin hazırlanması vaxtı daxil deyil.

Hazırda dörd superkar istehsal edilib. Yaxın zamanlarda 13 avtomobil istehsal ediləcəkdir. Bu avtomobillər sertifikatlaşdırma üçün lazımdır. Bu superkarların ardınca 10 ədəd seriyaöncəsi prototipi buraxılacaqdır. Rimac şirkətinin yaradıcısı Mate Rimatsın bildirdiyinə görə, seriyaöncəsi prototiplərin əksəriyyəti krəş-testlər üçün nəzərdə tutulublar.

Eyni zamanda, xorvatiyalılar yeni superkarın seriya versiyalarının bu il hazır olacağını və gözlənilmədən avtomobilə başqa ad verəcəklərini bildiriblər. Koronavirus səbəbi ilə superkarın müştərilərə çatdırılmasına 2021-ci ildə başlanacaqdır.

Rimac C_Two superkarı 2018-ci ildə keçirilmiş Cenevrə avtosalonunda nümayiş etdirilib.Superkar dünyanın ən yeyin avtomobillərindən biri olacaqdır. 1914 at qüvvəli güc aqreqatına malik olan superkar 100 km/saat həddini 1,89 saniyəyə toplayır. Bu, gələcək Tesla Roadster modelində olduğundan da yeyindir. Lakin, Rimac modeli Tesla rodsterindən bahalı olacaq və 150 nüsxəlik məhdud saylı tiraj ilə buraxılacaqdır.