Bir müddət bundan öncə, Skoda şirkətinin Frankfurt avtosalonunda Scala hetçbekinin Monte Carlo versiyasını təqdim edəcəyi barədə məlumat vermişdik. Sən demə, alman elində “Monte Carlo” indeksi ilə təkcə Scala modeli öyünməyəcəkdir. Çex markasının yığcam krossoveri olan Kamiq də “ralli” versiyasında nümayiş etdiriləcəkdir.

Dünya ralli çempionatının Monte Karloda keçirilən mərhələsinin şərəfində adlandırılmış modellər adı “qardaşlarından” zəngin təchizatı, həmçinin eksteryer və interyerin xüsusi tərtibatı ilə seçilirlər. Kamiq Monte Carlo modeli qara rəngə boyanmış radiator barmaqlığına, yan güzgülərin gövdəsinə, damdakı relinqlərə və kandarlara sahib olub. Arxa qapının üzərindəki “Skoda” yazısı və modelin adı həkk edilmiş emblem də qara rəngə boyanıb. Bundan başqa, “montekarlolu” Kamiq tam LED işıq texnikası, panoram tavan, tündləşdirilmiş arxa şüşələr və xüsusi emblemlər ilə təchiz edilib. Krossover standart olaraq 17-düymlük təkər diskləri ilə təchiz olunsa da, bir balaca “tərləmək” şərtilə 18-düymlük diskləri də əldə etmək olar.

Image alt Image alt Image alt

Krossoverin salonunda başlıqları inteqrasiya edilmiş idman kreslolarını, dəlikli dəri ilə üzlənmiş idman sükan çarxını, dəri ilə örtülmüş ötürmələr qutusunun və dayanacaq əyləcinin dəstəklərini görmək olar. Əsasən qara rəngli tərtibata malik olan salon qırmızı rəngli ətraf işıqlandırmasına və oturacaqların eyni rəngli seçilən haşiyəsinə malikdir. Bundan başqa, alüminium örtmələrə malik olan pedallar və havalandırma sisteminin deflektrolarının xrom haşiyələri də diqqət çəkir.

Frankfurt avtosalonunda debüt edəcək Skoda Kamiq Monte Carlo modelinin satışlarına bu ilin sonuncu rübündə start veriləcəkdir.