Skoda şirkəti Octavia modelinin eksteryer və interyer tərtibatı, adaptiv asqısı, xüsusi təkər diskləri və köməkçi sistemləri siyahısı ilə seçilən Sportline versiyasını təqdim edib. Bu versiya həm liftbek, həm də universal kuzovu, habelə benzin mühərriklərindən tutmuş təkrar doldurulan hibrid qurğu və qazla işləyən varianta qədər geniş mühərrik çeşidi ilə təklif olunur.

Eksteryer tərtibatına gəldikdə isə, Skoda Octavia Sportline modeli eyni tərtibata malik olan digər Skoda modellərini təkrarlayır. Sportline versiyası standart modeldən kiçik ön splitteri və arxa spoyleri, radiator barmaqlığının çərçivəsi, diffuzor və beşinci qapıdakı qara rəngli Skoda yazısı ilə fərqlənir. Ön qanadlara versiyanın adı yazlmış lövhələr vurulub.

Octavia Sportline versiyası standart olaraq cilalanmış qara rəngli 17-düymlük Pulsar təkər diskləri ilə təchiz edilir. Əlavə ödənişlə, avtomobili Sportline xəttindən olan 18-düymlük Vega və ya 19-düymlük Taurus diskləri ilə sifariş etmək olar.

Çex markası interyerin şəkillərini təqdim etməyib, ancaq avtomobilin Style versiyasına əsaslandığını qeyd edib. İdman versiyası üçün ön paneli parça ilə üzləyib və qara Piano Black rəngli dekorativ zolaqlar ilə bəzəyiblər.

Başlıqlı oturacaqlar “nəfəs alan” üçqatlı ThermoFlux materialı ilə örtülüb, üçqollu sükan çarxına "Sportline" emblemi vurulub, salon güzgüsünə isə videoqeydəalan üçün USB-C port quraşdırılıb.

Skoda Octavia Sportline modeli Avropada 115 - 204 at qüvvəsi arasında gücə malik olan güc qurğuları, ön və ya tam ötürmə sistemi ilə təklif ediləcəkdir.2,0- litrlik turbidizeli üç güc variantından biri ilə (115, 150 və ya 200 at qüvvəsi) sifariş etmək olar. Orta təchizatlı və top versiyaları yeddi pilləli DSG "robotu" və tam ötürmə sistemi ilə təchiz etmək mümkündür.

Tərkibinə 150 at qüvvəli 1,5 litrlik TSI mühərriki, opsional DSG “robotu” daxil olan "mülayim" hibrid qurğu da əlçatandır. Bundan başqa, 190 at qüvvəli 2,0-litrlik benzin turbomühərrik ilə təchiz edilən variant və təbii qazla işləyən 130 at qüvvəli qənaətcil G-TEC versiyası da mövcuddur. Ən güclü variant - 204 at qüvvəli qoşulan hibriddir.

Əlavə ödənişlə, Octavia Sportline modelini 15 rejimə malik olan adaptiv DCC (Dynamic Chassis Control) asqısı, qəzada yaralanma riskini azaldan Crew Protect Assist sərnişin qoruma sistemi, toqquşmanın qarşısını alan sistem, manevr köməkçisi və sürücü ilə sərnişin oturacaqları arasında yerləşdirilən təhlükəsizlik yastığı ilə təchiz etmək mümkündür.