Toyota şirkəti C-HR modelində kiçik yeniləmə baş verdiyini elan edib. Yığcam krossover yeni elektron köməkçiləri əldə edib və daha etibarlı olub. Bu köməkçi sistemlərin arasında ən maraqlısı Emergency steering assist sistemidir. Yeni sistem yoldakı vəziyyəti qiymətləndirir və avtomatik olaraq, avtomobilin qəfildən önünə çıxan maneənin yanından ötüb keçməsini təmin edir.

Yeni sistem Toyota Safety Sense təhlükəsizlik sistemləri kompleksinin tərkib  hissəsi olacaqdir. Bu kompleksə digər sistemlərlə yanaşı, yol nişanlarını, eləcə də gecə vaxtı piyadaları və gündüz vaxtı velosipedçiləri aşkarlama sistemi daxildir. Hər iki köməkçi Yaponiya bazarında satılan Toyota C-HR modeli üçün əlçatan olacaqdır. 

Digər dəyişikliklər arasında hava ionizatoru və G, GT, S GR Sport və ST GR Sport təchizat səviyyələri üçün nəzərdə tutulmuş qızdırılan ön oturacaqlar vardır. Başqa sözlə, yeniliklər 1,2-litrlik mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz olunmuş ST baza variantı istisna olmaqla, bütün versiyalar üçün təklif ediləcəkdir.

Toyota C-HR modelinin eksteryer və interyerində dəyişiklik olmayıb. Yaponiyada krossoverin qiymətləri 2.382.000 iyendən başlayır, hibrid versiya üçün isə 3.045.000 yen tələb olunur.