Yaponiyanın "Best Car" nəşri yaxın qohumluq əlaqələrinə malik olan Toyota Land Cruiser və Lexus LX ofrouderlərinin yeni nəsillərinin yaxın zamanlarda debüt edəcəyini iddia edir. Şirkət daxilindəki mənbələrinə istinad edən nəşr bir sıra vacib məlumatı da dərc edib.

İlkin olaraq, ofrouderlərin rama konstruksiyasını qoruyub-saxlayacaqları, lakin sələflərindən daha yüngül, həmçinin sərnişin və piyadalar üçün daha təhlükəsiz olacaqları bildirilir. Eyni zamanda, ofrouderlər səkkiz silindrli mühərriklərdən məhrum olacaq, Lexus LS bayraqdar sedanından tanış olan, 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,5-litrlik altı silindrli biturbo mühərrik ilə təchiz ediləcəkdirlər. Güc aqreqatı 9-pilləli avtomatik transmissiya ilə tandemdə çalışacaqdır. 

Bundan başqa, tarixində ilk dəfə olaraq ofrouderlər hibrid güc qurğusu ilə təklif ediləcəkdirlər. Belə aqreqat hazırda Lexus LS 500h sedanında quraşdırılır və 359 at qüvvəsi hasil edir.

Nəşr tərəfindən dərc edilmiş renderlər yeni avtomobillərin eksteryerinin dizaynını dəqiqliklə əks etdirməsə də, stilistik cəhətdən təsvirlərin doğru olduğunu ehtimal etmək olar. Yapon jurnalistlər Toyota Land Cruiser 300 və  yeni nəsil Lexus LX ofrouderlərinin bu ilin payızında keçiriləcək Tokio avtosalonunda konsept şəklində debüt edəcəyini iddia edirlər. Yeni ofrouderlərin satışına 2020-ci ildə başlanacaq.

Mənbə: Best Car