Volkswagen Golf GTI hetçbeki 1976-cı ildə debüt edib və bu il 45 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisənin şərəfinə modelin xüsusi nəşri - Golf GTI Clubsport 45 hazırlanıb. Xüsusi seriyadan olan “qaynar” hetçbek tərtibatı ilə seçilir və elektron “boyunduruqdan” məhrum olub.

Volkswagen Golf GTI Clubsport 45 hetçbeki 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2.0 TSI turbomühərrikinə, DSG “robot”una və ön oxda differensial elektron kilidinə sahib olan adi GTI Clubsport modelinə əsaslanır. Diqqət çəkən məqam isə, yubiley avtomobillərinin standart təchizatına daxil olan Race paketidir.

Bununla birlikdə, alıcılar 19-düymlük Scottsdale təkər disklərini, idman buraxılış sistemini və sürət məhdudlaşdırıcısını çıxarılmış elektron məhdudlaşdırıcını (adi halda bu hədd 250 km/saatda məhdudlaşdırılır) əldə edəcəklər. Bununla belə, “qaynar” hetçbekin maksimal sürət həddi açıqlanmayıb.

Golf GTI Clubsport 45 modelini qara damı və spoyleri, eksteryer və interyerdəki 45 nişanları sayəsində tanımaq olar. Yeni hetçbekə sifarişlər qəbuluna bu həftə başlanacaqdır. Almaniyada belə avtomobilin qiyməti 47.790 avro olacaqdır.

Qeyd etmək gərəkdir ki, adi GTI Clubsport modeli 41.265 avroya, GTI hetçbeki isə 36.555 avroya satılır. Ancaq sonuncu model differensialdan məhrumdur, mühərriki isə 245 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edir.

Image alt Image alt Image alt Image alt

Golf GTI modelinin xüsusi nəşrləri 1996-cı ildən bəri beş ildən bir buraxılır. Məsələn, Volkswagen modelinin 40 illik yubileyi şərəfinə Golf GTI Performance modelinə əsaslanan ilk Clubsport versiyası, 30 illik yubileyi şərəfinə isə 230 at qüvvəli Golf GTI 30th Anniversary Edition nəşri hazırlanmışdı.

Golf GTI modelinin ilk xüsusi buraxılışı isə, 1983-cü ilin Golf GTI Pirelli hetçbeki olub.