Volkswagen şirkəti səkkizinci nəsil Golf modelinin satışlarının başlanmasını gələn ilin əvvəlinə təxirə salıb. Modelin təqdimat mərasimi Frankfurt avtosalonundan sonra təşkil ediləcək xüsusi tədbirdə keçiriləcəkdir. Gecikmənin əsas səbəbi kimi elektronikada olan nasazlıqlar göstərilir.

Automotive News Europe saytının verdiyi xəbərdə istehsalçının rəqəmsal cihazlar paneli ilə problem yaşadığı bildirilir. Genişlənmiş funksionallığa malik olan və Şəbəkəyə daimi birləşən cihazlar panelinin nasazlığı Volkswagen rəhbərliyini təqdimatı bu problemin aradan qaldırılmasına qədər təxirə salmağa məcbur edib.

Golf modelinin növbəti nəslinin I.D. hetçbeki ilə birlikdə Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilirdi. Lakin, şirkət diqqətini markanın «yaşıl» model xəttinin ilki olan elektrokarda cəmləməyə qərar verib.

Yeni Golf modelinin qabaritləri artsa da, model sələfinin platformasını qoruyub saxlayacaqdır. Mühərrik çeşidi də dəyişilməz qalacaqdır, lakin hibrid qurğu sayəsində genişlənmiş olacaqdır. İstehsalçı yeni Golf modelinin inqilabi interyerə malik olacağını vəd edir. Almanlar avtomobilin  interyerində yeganə analoq cihazının sükan çarxının olacağını xüsusi ilə vurğulayıblar. Hetçbek Şəbəkəyə qoşulacaq, onun virtual cihazlar paneli və təhlükəsizlik sistemləri kompleksi isə “etalon” sayılacaqdır.