Volkswagen T-Roc yığcam krossoverinin yaxınlarda üç yaşı tamam olacaqdır. Buna baxmayaraq, krossoverin təklif olunan çeşidinin artırılması prosesi davam edir. İlkin olaraq, T-Toc modeli R-Line "idman" modifikasiyası, sonra 300 at qüvvəsinə malik olan T-Roc R modeli, nəhayət keçən yay krossoverin açıq kuzovlu versiyası debüt edib. Yaxın zamanlarda, satışa krossoverin "qara" versiyası - Volkswagen T-Roc Black Edition modifikasiyası çıxarılacaqdır. Bir müddət bundan əvvəl, bənzər versiyaya Touareg modeli də sahib olub.

"Qara" krossover ilə standart model arasında olan fərqlər əsasən eksteryerin qara rəngli tərtibat elementlərindən ibarətdir. Avtomobilin radiator barmaqlığı, damdakı relinqləri, 18-düymlük təkər diskləri, yan güzgülərin gövdələri, həmçinin LED fənərlərin içlikləri bu rəngə boyanıb. Bundan başqa, Volkswagen T-Roc Black Edition modeli arxa dayaqlara vurulan qara-boz rəngli naxışları ilə seçilir.  Avtomobilin salonu da "qara" üslubda tərtib edilmişdir: ön paneldə qara dekor elementləri, tavanda qara rəngli döşəmə mövcuddur. Adına baxmayaraq, T-Roc Black Edition modeli parlaq qırmızı, narıncı, mavi və sarı çalarlarıda daxil olan, 10 "əsas" kuzov rəngində təklif edilir.

Volkswagen T-Roc Black Edition modeli 115 at qüvvəli 1,0-litrlik və 150 at qüvvəli 1,5-litrlik (150 at gücünə) benzin turbomühərrikləri, yaxud 115 at qüvvəli 1,6-litrlik və 150 at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz edilə bilər. T-Roc Black Edition modelinin Böyük Britaniyadakı satış qiymətləri 23.750 funt sterlinqdən başlayır. Bir müddətdən sonra, Black Edition modifikasiyası digər Avropa bazarlarında da təklif ediləcəkdir.

Azərbaycana gəldikdə isə, T-Roc modelinin bizim bazarda satılmadığını nəzərə alsaq, onun "qara" verisiyadan söhbət belə gedə bilməz.