Lexus şirkəti yeni nəsil IS modelini təqdim etməyə hazırlaşır. Bununla yanaşı, yeni Lexus IS modelinin tamamilə yeni deyil, cari modelin ciddi şəkildə yenilənmiş variantı ola biləcəyi barədə də məlumat peyda olub.

"MotorTrend" nəşrinin bildiridiyinə görə, 2021-ci model ilinin Lexus IS sedanı daha müasir TNGA arxitekturasına deyil, hazırda modelin inşa edildiyi platformaya əsaslanacaqdır. Buna baxmayaraq, Lexus şirkətinin mühəndisləri avtomobilin konstruksiyasında ciddi dəyişikliklər ediblər ki, buna şassi və asqı sistemi də daxildir. Eyni zamanda, yeni IS sedanı Toyota şirkətinin Şimoyamadakı yeni Elmi-Tədqiqat Mərkəzində yaradılan ilk Lexus avtomobili olacaqdır. Xatırladaq ki, bu mərkəz Nürburqrinqdəki Şimal İlgəyinin 5,3 kilometrlik miniatür versiyasıdır.

Yeni Lexus IS modelinin mühərrik çeşidinə gəldikdə isə, sedan üçün baza mühərriki 244 at qüvvəsi və 349 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin mühərriki olacaqdır. Bundan başqa, sedanın mühərrik çeşirinə 264 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən edən 3,5-litrlik V6 mühərriki və bu mühərrikin 315 at qüvvəsi və 375 Nm fırlanma anı hasil edən versiyası da daxil ediləcəkdir.

"MotorTrend" nəşri hər üç mühərrikin alternativsiz olaraq 8-pilləli avtomatik transmissiya ilə təchiz ediləcəyini bildirib. Əslində bunu ciddi dəyişiklik saymaq olar, çünki, cari modelin tamötürməli versiyası 6-pilləli avtomat ilə təchiz edilir.

Dizayna gəldikdə isə, yeni IS modelinin bayraqdar LS sedanın üslubunda eksteryerə, yeni işıq texnikasına, yenilənmiş arxa hissəyə və daha geniş arxa təkər izinə sahib olacağı bildirilir. İnteryerdə isə yeni cihazlar paneli və müasir məlumat-əyləncə kompleksi quraşdırılacaqdır.

Bundan başqa, bərkgedən Lexus IS F modifikasiyasının ixtisara salındığı da bildirilib. Lakin, bərgedən IS modeli almaq arzusunda olanlar məhus olmaya bilərlər - onlar üçün 416 at qüvvəsi və 599 Nm fırlanma anı hasil edən 3,5-litrlik biturbo mühərriklə təchiz edilmiş Lexus IS 500 modeli nəzərdə tutulub.

Yeganə məsələ, yeni Lexus IS modelinin nə zaman debüt edəcəyidir. İlkin məlumata görə, Lexus şirkəti yeni sedanı Nyu York avtosalonunda təqdim etməli idi. Lakin, koronavirus pandemiyası ucbatından avtosalonun təxirə salınması, yapon istehsalçısını planlarında dəyişiklik etməyə məcbur edib. Yeni avtomobil təqdimatı yayda keçiriləcək xüsusi tədbirdə baş tutmalıdır.