Bu 13 oktyabr tarixində təqdim ediləcək yeni nəsil Lexus LX modelinin ilk tizeridir. Yeni premium ofrouderin onlayn təqdimatı ilə birlikdə, ən vacib bazarlarda onun “canlı” təqdimat mərasimləri də keçiriləcəkdir. Yeni Lexus LX modelini Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada təqdim edəcəklər.

Yeni LX modeli haqqında ətraflı məlumat verilməyib, lakin onun Land Cruiser 300 modelinin dəbdəbəli versiyası olacağını söyləmək mümkündür. Bu gün dərc edilmiş tizerdə avtomobilin LX 600 emblemi olan arxa hissəsi təsvir olunur. Görünən odur ki, qarşımızda yeni Lexus LX modelinin top versiyası dayanır. Digər bir məqam isə, ofrouderin indeksində “h” hərfinin olmamasıdır – yəni avtomobil hibrid güc qurğusu ilə deyil, ənənəvi daxili yanma mühərriki ilə təchiz edilib.  

“600” indeksi avtomobilin kapotunun altında heç də 6,0-litrlik mühərrikin yerləşdiyinə dəlalət etmir, çünki artıq Toyota şirkətinin V8 benzin və dizel mühərriklərindən imtina etdiyi açıqlanıb. Lakin istisnalar da ola bilər. Üstəlik, Lexus “600” indeksini əvvəl də istifadə edib – buna misal kimi, LS600h modelini göstərmək olar. Xatırladaq ki, flaqman sedanı 5,0-litrlik V8 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə hərəkətə gəlirdi.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.