Mercedes-Benz C-Class modeli ilin sonuna kimi yenilənməlidir. Buna yeni modelin Almaniya, İsveç və Nürburqrinqdə sınaqdan keçirilən sınaq prototipləri işarə edir. Güclü kamuflyaj örtüyünə malik olan avtomobillər vaxtaşırı olaraq casuslar tərəfindən qeydə alınır. Bəs yeni Mercedes-Benz C-Class hansı dizayna malik olacaqdır?

Əldə edilmiş casus şəkillərindən istifadə edən Kolesa.ru saytının dizayneri Nikita Çudko sedanın renderlərini hazırlayıb. Renderlərdən göründüyü kimi, yeni model ön və arxa tərəfdən nəzərə çarpacaq dərəcədə dəyişsə də, tanış nisbətləri saxlayacaqdır. Beləliklə, ön hissədə L formalı gündüz hərət işılarına malik olan ön LED fənərlər və markanın digər yeni modellərinin üslubunda dizayna malik olan radiator barmaqlığı yer alacaqdır. Ümumiyyətlə, dizaynın bu ayın əvvəlində təqdim olunan yenilənmiş E-Class modeli ilə ortaq cizgiləri mövcuddur. Lakin, E-Class ilə müqayisədə yeni C-Class daha nazik fənərlərə və radiator barmaqlığına sahib olacaqdır.

Avtomobilin yan tərəfləri daha sadə dizayna malik olmalıdırlar: qapı tutacaqlarının altındakı çıxıntıların yox olma ehtimalı vardır. Yeni C-Class modelinin arxa hissəsi də yenilənmiş E-Class ilə bənzər cizgilərə malik olasa da, yeni sedan CLA modelinin üslubunda arxa fənərləri əldə edə bilər.

Növbəti nəsil Mercedes-Benz C-Class modeli təkmilləşdirilmiş MRA platformasında inşa olunacaqdır. Avtomobil geniş çeşiddə benzin və dizel turbomühərrikləri ilə təklif ediləcəkdir. Məsələn, Mercedes-AMG C53 4Matic modifikasiyası A45 S və CLA45 S modellərindən tanış olan 416 at qüvvəli 2,0-litrlik dördsilindrli mühərriklə təchiz edilə bilər.