Volkswagen şirkətinin səkkizinci nəsil Golf modelinin təqdimat mərasimini təxirə salmasına baxmayaraq, bu model ətrafındakı ehtiraslar qızışmağa davam edir. Bu günlərdə, internet şəbəkəsində yeni hetçbekin eksteryer və interyerinin eskizləri yayılıb. Bu eskizlər alman istehsalçısının illik yığıncağının 39 səhifəlik pdf faylından götürülübdür.

Hetçbekin eksteryerinə gəldikdə artıq paparazzilər tərəfindən dəfələrlə çəkilmiş cəsus şəkilləri avtomobilin zahiri görünüşü barədə təsəvvür yaratmağa imkan verir. Lakin, bu günə qədər avtomobilin interyer dizaynı barədə məlumat verilməmişdi. Bu gün dərc edilmiş eskiz pərəstiş obyektinə çevrilmiş modelin səkkizinci nəslinin interyeri barədə təsəvvür yaradır. Eskizdən də göründüyü kimi, virtual cihazlar paneli və multimedia sisteminin iri displeyi Touareg modelində olduğu kimi vahid səth təşkil edir. Üstəlik, yeni modelin ön panelindəki fiziki düymələrin sayı minimum endirilib.

Golf modelinin növbəti nəslinin I.D. hetçbeki ilə birlikdə Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilirdi. Lakin, şirkət diqqətini markanın «yaşıl» model xəttinin ilki olan elektrokarda cəmləməyə qərar verib.

Yeni Golf modelinin qabaritləri artsa da, model sələfinin platformasını qoruyub saxlayacaqdır. Mühərrik çeşidi də dəyişilməz qalacaqdır, lakin hibrid qurğu sayəsində genişlənmiş olacaqdır. İstehsalçı yeni Golf modelinin inqilabi interyerə malik olacağını vəd edir. Almanlar avtomobilin interyerində yeganə analoq cihazının sükan çarxının olacağını xüsusi ilə vurğulayıblar. Hetçbek Şəbəkəyə qoşulacaq, onun virtual cihazlar paneli və təhlükəsizlik sistemləri kompleksi isə “etalon” sayılacaqdır.