Rolls-Royce Ghost sedanının 2020-ci ildə debütü gözlənilən növbəti nəslii yeni alüminium platformasında inşa ediləcək və tam çəkiş sistemina malik olacaqdır.

Yeni Ghost sedanının ilk prototipi paparazzilərə bu ilin yanvarında rast gəlib. Həmin prototip güclü kamuflyaja malik idi, onun kuzovu isə, avtomobilin cari nəslini təkrar edirdi. Bununla belə, "Autocar" dərgisi yeni sedanın texniki cəhətdən daha müasir olacağını iddia edir.

Birincisi, BMW 7 Series modelinin metal platformasından imtina ediləcəkdir – yeni Ghost onu daha yüngül edəcək alüminium arxitekturada inşa olunacaqdır. Yeni platformadan istifadə edilməsi yarıavtonom idarəetmə sistemlərinin tətbiqinə şərait yaratmalıdır.

İkincisi, Rolls-Royce Ghost sedanı tamçəkişli olacaqdır. 4x4 çəkiş sistemi 6,6-litrlik V12 turbomühərrikinin və səkkiz pilləli avtomatik qutunun potensialından tam istifadə etməyə imkan verəcəkdir. Bundan əlavə, yeni sedan tam idarələnən şassi ilə təchiz edilməlidir. Bu isə, aşağı sürətlərdə iri sedanın manevr qabiliyyətini yüksəltməyə xidmət edəcəkdir.

Eksteryerə gəldikdə isə, Rolls-Royce dizaynerləri təkamül yoluna üstünlük verəcəkdirlər. Təbii ki, bəzi elementlər yeni Rolls-Royce Phantom modelindən götürüləcəkdir. Bunlara misal olaraq, hərəkət istiqamətinin əksinə açılan arxa qapılar, ənənəvi iri radiator barmaqlığı və lazer texnologiyalı işıqdiodlarından fənərləri göstərmək mümkündür.

İnteryerə gəldikdə isə, əsas dəyişikliklər avtomobilin avadanlıq siyahısında olacaqdır. Ghost modeli virtual cihazlar panelinə, proyeksiya displeyinə, müasir multimedia sisteminə və elektron yardımçıların genişləndirilmiş siyahısına sahib olacaqdır.