Çexiyalı dizayner Yozef Kabanın Rolls-Royce şirkətindən qaçış səbəbi məlum olub - iki il fasilədən sonra Kaban yenidən Volkswagen konserninə qayıdıb. Bu dəfə çex mütəxəssis Volkswagen markasının dizaynına cavabdeh olacaqdır.

Xatırladaq ki, Yozef Kaban vaxtı ilə Volkswagen, Bugatti və Audi şirkətlərində çalışıb. O, Skoda Fabia, Octavia və Superb modellərinin, həmçinin Kodiaq və Karoq krossoverlərinin dizaynının müəllifidir. 2017-ci ildə Yozef Kaban BMW şirkətinə, ordan da bavariya istehsalçısına məxsus olan Rolls-Royce şirkətinə keçib. Bu ilin oktyabrında isə Kaban britaniya markasını tərk edib. Beləliklə, gələn ilin 1 iyul tarixindən Kaban Volkswagen markasının dizayn mərkəzinə başçılıq edəcək və minik avtomobillərinin dizaynına cavabdeh olacaqdır.

Bişof (solda) və Mauer (sağda)

Kaban bu vəzifədə Klaus Bişofu əvəz edəcəkdir. Sonuncu isə, Valter da Silvanın konserni tərk etməsindən sonra boş qalan qrupun baş stilisti vəzifəsini tutacaqdır. Bişof alman şirkətində 1989-cu ildən çalışır və əvvəlcə interyerlərlə məşğul olub. Minik avtomobillərinin baş dizayneri vəzifəsinə Bişof 2007-ci ildə təyin edilib.

Bişof isə, öz növbəsində, bu vəzifədə Mixael Maueri əvəz edəcəkdir. Konsernin baş dizayneri Valter da Silvanın 2016-cı ildə vəzifəsini tərk etməsindən sonra Mauer onun vəzifəsini müvəqqəti olaraq icra edirdi. Bundan sonra Mauer əsas vəzifəsinə geri dönəcəkdir. O, 2004-cü ildən Porsche markasının şef-dizayneridir.