Avtomobil istehsalçıları iri cərimələrlə üzləşə bilərlər. Bu barədə IHS Markit tədqiqat şirkəti bildirib. Şirkətin hesablamalarına görə, cərimənin məbləği 14 milyard avro təşkil edə bilər. Buna səbəb yeniWLTP (Worldwide Harmonized Light Vehicles Test Procedure) standartlarının qüvvəyə minməsi olacaqdır.

Xatırladaq ki, 2021-ci ildə zərərli tullantıların hədəf səviyyəsi bir kilometrə 114,9 qram olacaqdır. IHS Markit analitikləri iri avtomobil istehsalçılarının 2021-ci ildə zərərli tullantıların səviyyəsi üzrə bir kilometrə 122,9 qram göstəricisinə gəlib çatacaqlarını hesab edirlər. Tələblərə cavab verməyən hər bir avtomobilin satışından istehsalçılar 2020-ci ildə 624 avro, 2021-ci ildə isə 814 avro ödəməli olacaqdırlar.

Dizel bazarının iflasından sonra avtoistehsalçılara zərərli tullantıların səviyyəsini azaldacaq digər texnologiyalara nəzər salmaq təklif olunur. Onların arasında işıqdiodlarından işıqlandırma, yaxşılaşdırılmış istilik izolyasiyası və yüksək effektivlikli generatorlar da vardır.

Yanvar ayında Mazda şirkətinin yeni nəsil yüksək kompressiyalı mühərriklər üzərində çalışdığı barədə məlumat yayılmışdır. Söylənilənlərə görə, bu mühərriklər zərərli tullantıların səviyyəsinə görə elektromotorlarla rəqabət apara biləcəkdir.  Skyactive-3 texnologiyası yapon şirkətinə 56 faizlik faydalı iş əmsalına malik olan mühərriklər buraxmağa imkan verəcəkdir.