Stiv Mattin AvtoVAZ şirkətini tərk etmək qərarına gəlib. Rus istehsalçısının mətbuat xidmətindən verilən məlumata görə, dizayner "şəxsi səbəblərdən əməliyyat fəaliyyətindən uzaqlaşmaq qərarına gəlib". 1 yanvar 2021-ci ildən etibarən onun vəzifəsinin icrası Jan-Filipp Salara tapşırılacaqdır. Fransız dizayner Lada markasının dizayn üzrə direktoru vəzifəsinə təyin edilib.

Salar 1996-cı ildən bəri Renault qrupunda işləyir. 2015-c ildən başlayaraq o, Rumıniyanın paytaxtı Buxarest şəhərindəki dizayn mərkəzinin rəhbəridir. Salar müasir Dacia modellərinin (yeni Logan/Sandero də daxil olmaqla) dizaynına cavabdeh olub. Eyni zamanda, Jan-Filipp Renault Arkana krossoverinin də dizaynı üzərində də işləyib.

Stiv Mattin

Qalmaqallı 2020-ci il Stiv Mattinin ailəsindən də yan keçməyib - demək olar ki o, bütün yayını vətəni İngiltərədə keçirib. Stiv özü sağlamdır, ancaq əsas diqqəti şəxsi həyatına yönəlməyə və işinə ara verməyə qərar verib. Baş dizayner vəzifəsindən getməsinə baxmayaraq, Mattin şirkətlə əlaqələrini davam etdirəcək və AVTOVAZ prezidenti İv Karakatzanisin müşaviri olacaqdır.

Mattin 2011-ci ilin yayında rus şirkətinə qatılıb və Lada markasının korporativ dizaynını dəyişdirmək kimi çətin bir vəzifəni üzərinə götürüb. Korporativ X üslubunu yaradan və tətbiq edən məhz Mattin olub: bu üslubda dizayna malik olan XRAY konsepti avtomobili 2012-ci ildə təqdim edilib. Firma üslubunda dizayna malik olan Lada Vesta sedanı 2015-ci ildə debüt edib. Bununla belə, Stiv Mattinin bütün layihələri işıq görməyib: məsələn o, fransız platformasında inşa ediləcək yeni nəsil Lada 4x4 modeli üzərində işləyirdi. Yeni 4x4 modeli 2021-ci ildə debüt etməlidir.