Bu günə qədər Bentley şirkəti üçün ən uğurlu il 2014-cü il olub. Həmin ildə Britaniya istehsalçısı 887 milyon avro gəlir, 95,2 milyon avro əməliyyat mənfəəti əldə etmişdi. İl ərzində əldə edilən qazanc 170 milyon avro olub, lakin 2021-ci ilin ilk yarısının göstəriciləri Bentley şirkətinə bir neçə rekorda imza atmağa imkan verib.

Dəbdəbəli avtomobil istehsalçısı 2021-ci ilin ilk yarısında 178 milyon avro əməliyyat mənfəəti əldə edib. Bu, Bentley markasının tarixindəki ən yaxşı nəticədir. Yanvar - iyun aylarında pərakəndə satışlar 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb: 4.785 avtomobilə qarşı 7.199 avtomobil. 

Satış rəqəmləri Bentley model xəttində olan üç model arasında demək olar ki, bərabər şəkildə bölünüb: Bentayga krossoveri - 2767, Continental GT/GTC kupe və kabrioletləri - 2318, Flying Spur sedanı isə 2063 nüsxəlik tirajla satılıblar. Yeni avtomobillərin satışları dörd dünya bazarı arasında bərabər şəkildə bölünüb.

10 il ərzində ilk dəfə olaraq ən çox Bentley avtomobili Çində (2155), onun ardınca Şimali və Cənubi Amerikada (2049), daha sonra Avropada (1142), Asiya-Sakit Okean bölgəsi ölkələrində (778) və İngiltərədə (554) satın alınıb. Daxili bazardan bir qədər geridə qalan satış rəqəmi Orta Şərq, Afrika və Hindistanda (521 avtomobil) əldə edilib.

2019-cu ilin ilk altı ayında Bentley şirkətinin gəliri 834,8 milyon avro olsa da, 2021-ci ilin ilk yarısında bu rəqəm 1,32 milyard avro təşkil edib. Əməliyyat gəliri 178 milyon avroya, satışlar üzrə gəlirlilik isə rekord 13 faizə çatıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.