Bentley şirkəti avropa bazarında Bentayga krossoverinin dizel modifikasiyasının satışlarını dayandırıb. Krossoverinin istehsaldan çıxarılmasına səbəb, dizel mühərriklərinə qarşı olan norma və tələblərin sərtləşməsi olubdur.

Xatırladaq ki, dizel mühərrikli Bentley Bentayga krossoveri iki il bundan əvvəl təqdim edilibdir. Krossover Audi SQ7 modelindən tanış olan 4,0-litrlik səkkiz silindirli turbodizel ilə təchiz edilir.  Güc aqreqatı 435 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir.

Dörd litrlik dizel mühərriki iki twin-scroll texnologiyalı turbokompressorla və bir elektrik ötürməsi ilə çalışan kompressorla təchiz edilir. Dizel mühərriki ilə təchiz edilmiş Bentayga 0-dan 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.

Bentley Bentayga modelinin dizel variantı şəhər rejimində 9,0 litr yanacaq sərf edir. Şəhərkənarı yollarda isə bu rəqəm 7,4 litrə bərabərdir.