Bentley şirkəti Payks Pik dağına qayıdaraq yol avtomobilləri üçün rekordu yeniləmək fikrinə düşüb. Continental GT modelinin sükanı arxasında bu yarışın ikiqat qalibi Ris Millen olacaqdır.

Bu ilin 30 iyun tarixində Bentley seriya avtomobilləri kateqoriyasında "Payks Pik" dağaçıxma yarışlarının yeni rekordunu qeydə almağa cəhd edəcəkdir. Bu məqsəd üçün şirkət W12 tvin-turbo mühərriki ilə təchiz edilmiş Bentley Continental GT kupesini hazırlayacaqdır. Bu mühərrik 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Səkkiz pilləli avtomatik qutu və tam çəkiş sistemi ilə tandemdə çalışan mühərrik kupeni 100 km/saata 3,7 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti 333 km/saatdır.

Xatırladaq ki, keçən il Ris Millen Bentley Bentayga modelində Payks Pikin krossoverlər üçün olan rekordunu qeydə alıb. O, 20 kilometrlik dağ trasını 10 dəqiqə 49,9 saniyəyə qət edərək, Pol Dakkenbaxın Range Rover Sport avtomobilində qeydə aldığı rekordu iki dəqiqə yaxşılaşdırıb.

Bu rekordun şərəfinə Bentley Bentayga krossoverinin Pikes Peak indeksli xüsusi seriyasını da buraxıb. Krossover Deep Beluga Black və ya parlaq yaşıl Radium rəngində təklif edilir. Bütün xrom detallar qara rənglisi ilə əvəzlənib, krossover 22-düymlük ikirəngli disklərlə təchiz edilir. Avtomobilin ön qanadlarında Pikes Peak loqotipləri yerləşdirilib.