Bu il Bentley markasının 100 yaşı tamam olur. Uolter Ouen və Horeys Millner Bentli qardaşları Bentley Motors Limited şirkətini 18 yanvar 1919-cu ildə təsis etsələr də, maliyyə çətinliyi ucbatından firma 10 iyul 1919-cu ildə fəaliyyətə başlayıb. Bu səbəbdən də Bentley markasının ad günü məhz 10 iyulda qeyd edilir. Britaniya markası bir İl ərzində seriya avtomobillərinin bu əlamətdar tarixə həsr edilmiş bir neçə yubiley seriyasını tədim etsə də, əsas hədiyyə üzərindəki örtüyü 10 iyun tarixində açıb.

Dünən Bakı vaxtı ilə axşam saat yeddidə təqdim edilən konsept Bentley EXP 100 GT adlanır. Yubiley konsepti yaxın 15 il üçün britaniya markasının inkişaf istiqamətini nümayiş etdirir. Kryu dizaynerlərinin fikrincə 2035-ci ilin iri və dəbdəbəli Gran Tourismo avtomobili məhz belə olacaqdır. Ən maraqlısı odur ki, üç il bundan öncə nümayiş etdirilmiş Rolls-Royce Next 100 konsepti də eyni məqsədə qulluq edirdi. Rolls-Royce dizaynerləri var gücləri ilə gələcəyə dalsalar da, onların Kryudan olan həmkarları özlərini bir qədər təmkinli aparıblar.

Konseptual kupenin elektrik güc qurğusuna və avtopilot sisteminə sahib olduğunu söyləmək yəqin ki, yersiz olardı. Elə təqdimat mərasiminə də avtomobil özü təşrif buyurmuşdu. Buna baxmayaraq, mühəndislər sükan və pedalları saxlayıblar – Bentley sahibinin onu idarə etməkdən vaz keçəcəyini sanmıram. Bentley EXP 100 GT modelinin uzunluğu - 5,8 metr, eni isə, 2,4 metrdir. İkimetrlik qapılar açılan zaman, onlar üçmetrlik hündürlüyə qalxırlar. Avtomobilin kuzovu alüminium və karbondan hazırlanmışdır və onun çəkisi 1900 kq təşkil edir. Müqayisə üçün, Continental GT modelinin çəkisi 2,2 tona yaxındır.

Konseptin ən yadda qalan elementləri işıqdiodlarından hazırlanmış radiator barmaqlığının toru, işıqlanan “B” emblem və kapot boyu uzanan xəttdir. Avtomobilin damı tamamən şüşədən hazırlanmışdır. Avtomobilin sahibi yaxınlaşarkən, bütün bu elementlər işıqlanaraq onu salamlayır. Avtomobilin kuzovunun boyanması üçün, xüsusi olaraq, Compass adlı yeni rəng çaları yaradılıb. Boyanın əsasını düyü qabığından hazırlanmış ekoloji təmiz Colourstream piqmenti təşkil edir. İri ölçülü arxa işıq texnikası da orqanik işıqdiodlarından hazırlanıb.

Konseptin salon tərtibatında misdən, beş min illik qovaqdan, əsl dəriyə bənzərən orqanik parçadan, “Kambriya” kvars daşından, həmçinin yun, şüşə və dəridən istifadə edilib. Qapılarının daxili tərəfindəki displeylər də OLED texnologiyasından hazırlanıb. Ön paneldə ənənəvi displeylər yoxdur – onları iri proyeksiya displeyi əvəz edib. Jestlər və səslə idarə edilən mediasistem isə, Bentley Personal Assistant “süni intellekti” ilə təchiz edilib.

Avtomobilin salonu dörd nəfərə hesablanıb. Ön kreslolar geniş tənzimləmələr diapazonuna malikdir. Ön oturacaqlar elektronika tərəfindən idarə olunur: virtual yardımçı, nəbz və arterial təzyiq daxil olmaqla, sərnişinlərin biometrik məlumatlarına əsasən oturacaqların forma və vəziyyətini dəyişə bilər. Özü də bu proses sərnişinə hiss etdirilmədən həyata keçirilir. Yardımçının beş iş rejimi mövcuddur – Enhance, Cocoon, Capture, Re-Live və Customise.

Enhance rejimində virtual yardımçı avtomobilin ətrafındakı şərait barədə (səs, qoxular və işıqlandırmanın intensivliyi) məlumat toplayaraq açıq tavanla hərəkəti imitasiya edir. Cocoon rejimində isə sistem, adından da göründüyü kimi, şüşləri qaraldaraq və daxil olan havanı təmizləyərək tam sakitliyi təmin edir. Salona daxil olan havanı təmizləmək üçün baqajda xüsusi blok yerləşdirilib. Bundan başqa, sistem havadakı zərərli maddələrin səviyyəsini monitorinq edərək, lazım gəldikdə 12.29 ətir evi tərəfindən hazırlanmış unikal ətri səpir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konseptual kupe alüminium və karbonplastikdən hazırlanmış yeni elektrik platformasında inşa edilib. Bentley EXP 100 GT modeli dörd elektrik mühərrikindən ibarət olan güc qurğusu ilə hərəkətə gəlir. Konsept 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir və 300 km/saatlıq maksimal sürət həddinə malikdir. Dolu batareya ilə elektromobil 700 km qət edir. Batareyanın doldurulması Bentley Personal Assistant yardımçısına tapşırılıb. Batareyanın 80 faizinin doldurulmasına 15 dəqiqə kifayət edir.

Əlbəttə ki, konseptin seriyaya getmək şansı yoxdur, amma onun eksteryer və interyerində istifadə edilmiş həll yollarının gələcək seriya avtomobillərində əksini tapacağından şübhə etmirik.