Ford şirkəti yeni nəsil F-150 pikapının Raptor indeksli “bərkgedən” modifikasiyasının təqdimat tarixini açıqlayıb: avtomobilin təqdimatı 3 fevral tarixində onlayn formatda debüt edəcəkdir.

Yeni nəsil F-150 pikapının keçən ilki təqdimatından bəri, Ford şirkəti “bərkgedən” F-150 Raptor versiyası barədə heç bir məlumat verməyib. İndi isə, “bərkgedən” pikap barədə bəzi məlumatlar ortaya çıxıb: Muscle Cars & Trucks nəşrinin bilddirdiyinə görə, superpikap 3 fevral tarixində debüt edəcəkdir.

Məlum məsələdir ki, təqdimat onlayn keçiriləcəkdir. F-150 Raptor Bakı vaxtı ilə saat 20:00-da Ford şirkətinin YouTube kanalındakı səhifəsində canlı yayımlanacaqdır.

Avtomobilin dizaynında inqilabın olması gözlənilmir: avtomobilin casus şəkillərindən göründüyü kimi və insyaderlər tərəfindən verilmiş məlumatlara əsasən, superpikapın eksteryeri “mülki” versiyadan yalnız bəzi tərtibat detalları ilə fərqlənəcəkdir.

Növbəti nəsil F-150 Raptor modeli, 712 at qüvvəli 6,2-litrlik kompressorlu mühərrik ilə təchiz olunmuş Ram 1500 TRX pikapı ilə bərabər səviyyədə rəqabət aparmaq üçün Mustang Shelby GT500 kupesindən götürülmüş 725 - 750 at qüvvəsi gücü olan 5,2-litrlik V8 turbomühərrikini almalıdır.

Bəzi məlumatlara görə, “bərkgedən” Ford F-150 Raptor pikapı alternativ olaraq, 500 at qüvvəsi hasil edən 3,0-litrlik V6 turbomühərrikə əsaslanan Power Boost hibrid güc qurğusunu da alacaqdır. Bundan əlavə, modelin yalnız dördqapılı SuperCrew kuzovu ilə təklif ediləcəyi də ehtimalar arasındadır.