Aston Martin V12 Speedster superkarı bir il əvvəl debüt etsə də, onun müştərilərə çatdırılmasına hələ də başlamayıb: ilkin olaraq hazır avtomobillərin cari ilin birinci rübündə müştərilərə göndəriləcəyi bildirilsə də, şirkətdən indi bunun cari ilin ortasında baş verəcəyini söyləyiblər. Eyni zamanda, istehsalçı, 1959-cu ildə “Le Manın 24 saatı” marafonunda qalib gəlmiş yarış avtomobilindən ilham alaraq yaradılmış DBR1 indeksli spidsterə sifarişləri qəbul etməyə başlayıb.

Belə V12 Speedster modelləri kapot və qapılarında ağ dairələri olan Aston Martin Racing Green rəngli kuzova, gümüşü radiator barmaqlığına, mərkəzi kilidi olan 21-düymlük qara təkər disklərinə, habelə bir neçə növ dəri, parça  və karbon ilə tərtib edilmiş interyerə sahib olacaqdırlar. Bundan əlavə, spidsterin təchizatına sürücü və sərnişin üçün unikal yaşıl rəngə boyanmış dəbilqələr daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən heç bir dəyişiklik yoxdur. DBR1 üslubunda olan superkar 700 at qüvvəsi və 753 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbo mühərriki və səkkiz pilləli ZF “avtomatı” ilə təchiz edilir. Spidster 100 km/saat həddini toplamağa 3.4 saniyə sərf edir. Damı və alın şüşəsi olmayan modelin maksimal sürəti 318 km/saatdır.

Aston Martin şirkətinin seçilmiş müştərilər üçün Q bölməsi tərəfindən hazırlanan V12 Speedster modelinin tirajı 88 nüsxə ilə məhdudlaşır. Keçən ilki təqdimat zamanı yeni modelin qiymətinin 950.000 dollardan başlandığı bildirilmişdi. DBR1 versiyası üçün ödənilməli olan qiymət fərqi açıqlanmayıb.