Daxili yanma mühərrikli krossoverlər arasında yeni rekordçu var! Bu seqmentdəki ən güclü seriya modeli titulunun yeni sahibi Label Red versiyasında olan BMW XM krossoveridir. Onun M Hybrid güc qurğusu 748 at gücü və 1000 Nm hasil edir.

Güc baxımından Aston Martin DBX707 (707 at qüvvəsi, 900 Nm), qısa fasilədən sonra geri qayıdan Dodge Durango SRT Hellcat (720 at qüvvəsi, 875 Nm), hətta Ferrari Purosangue (725 at qüvvəsi, 716 Nm) modeli BMW krossoverindən geri qalır. Urus və Cayenne modellərinin gücü isə, ümumiyyətlə 700 at qüvvəsinə çatmır.

Bununla belə, Label Red versiyası sürpriz olmayıb: onun peyda olacağını hələ adi BMW XM krossoverinin debütü zamanı elan etmişdilər. Qeyd etmək gərəkdir ki, Label Red versiyasının baza krossoverindən o qədər də ciddi texniki fərqi yoxdur.

Əsas fərq – gücü artırılımış 4,4-litrlik V8 biturbomühərrikdir, lakin onun hasilatı da rekord sayılmaz: 585 at qüvvəsi və 750 Nm. Məsələn, X5 M/X6 M Competition krossoverlərində bu aqreqat 625 at qüvvəsi və 750 Nm hasil edir.

Label Red versiyasının elektrik üst qurumu baza versiyasındakı ilə eynidir. Hidrotransformatorun əvəzinə səkkiz pilləli “avtomata” quraşdırılmış dartma elektrik mühərriki 197 at qüvvəsi və 280 Nm hasil edir.

29,5 kilovat/saatlıq dartma batareyası (cəmi 25,7 kilovat/saat istifadə olunur) eynidir, lakin batareyanın tutumu elektrik rejimində 75-83 kilometr (82-88 kilometr əvəzinə)  yürüyüş üçün kifayət etməlidir.

Maraqlıdır ki, transmissiya və şassi baxımından da heç bir fərq bəyan edilməyib. Ön oxu qoşan muftası və aktiv arxa differensialı olan tam ötürmə sistemi, adaptiv asqı, aktiv köndələn dayanıqlılıq stabilizatorları, arxa təkərlərin döndərmə mexanizmi, altı porşenli mexanizmləri olan ön əyləclər baza krossoverində də var.

Odur ki, artıq marketoloqların M-modellərindən tanış olan Competition əlavəsi əvəzinə Label Red indeksindən istifadə etdiklərinin səbəbi bəlli olur, çünki Competition versiyası şassidə əhəmiyyətli təkmilləşdirmələri nəzərdə tutur.

XM Label Red 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da adi XM modelinin müvafiq göstəricisindən 0,5 saniyə azdır. Üstəlik o, BMW model xəttindəki ən sürətli krossoverdir. Əvvəllər belə göstəriciyə X5 M/X6 M Competition modelləri malik idilər, lakin son təkmilləşdirmədən sonra onların göstəricisi 3,9 saniyəyə qədər artıb.

Bununla belə, rəqiblər arasında daha çevik modellər var: məsələn, və hibrid əlavəsi olmayan Lamborghini Urus Performante, Porsche Cayenne Turbo GT, Aston Martin DBX707 və Ferrari Purosangue 100 km/saata 3,3 saniyəyə sürətlənirlər.

Label Red versiyasının maksimal sürəti standart olaraq 250 km/saatdır. M Driver's Package sayəsində bu həddi 280 km/saata qədər çəkmər mümkündür, bununla belə, eyni opsiyaya malik olan X6 M modeli 290 km/saata qədər sürətlənə bilər.

Label Red versiyası ilə baza krossover arasında o qədər də böyük dizayn fərq yoxdur. "Burun dəliklərinin" və yan şüşələrin qırmızı rəngli haşiyələri opsiyadır. Standart olaraq, bütün bu elementlər qara rəngdədir və qırmızı ştrixlər yalnız nişanlarda və təkər disklərdə var. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Bazada” onların diametri 21 düymdür, lakin 23-düymlük variantı da sifariş etmək olar. Daxili tərtibat qara və qırmızı rənglərdədir. Label Red versiyasının ayrıca xüsusiyyəti - sol (azaldan) sükanaltı dəstəkdəki "Boost Mode" yazısıdır.

BMW XM Label Red krossoverlərinin istehsalına avqustda başlanmalıdır. Modelin ABŞ-dakı satış qiyməti 185 min dollardır. Adi XM üçün isə 159 min dollar tələb edilir. Frozen Carbon Black rəngli kuzovu və bolluca qırmızı dekoru olan xüsusi nəşrin tirajı 500 nüsxə ilə məhdudlaşacaqdır. Bununla belə, adi Label Red versiyası üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.