Bu gün Zolderdə keçirilmiş ilk yarışın qalibi BMW komandasının avstriyalı pilotu Filipp Enq olub. O,39 dövrəlik yarışda uğurlu strategiya sayəsində qələbə çalıb. Enqin komanda yoldaşı Coel Eriksson yarışı ikinci yerdə bitirərək BMW komandasına dublu gətirib.

Yarışın başlanğıcında ikinci yerdən start alan Bruno Spenqler poulun sahibi Marko Vittmannı geridə qoymağı bacrıb. Vittmann isə üçünc yerdən start almış Rene Rasın (Audi) hücumlarından müdafiə olmaq məcburiyyətində qalıb. Bu vəziyyət 15-ci dövrəyə qədər davam edib. Həmin dövrədə əvvəlcə texniki problemlər yaşayan Daniel Hunkadelya avtomobilini kənarda saxlamalı olub. Eyni anda onun komanda  Ceyk Dennisin Aston Martin Vantage DTM avtomobili də pitin girəcəyində dayanıb. 

Yarışın rəhbərliyi trekə təhlükəsizlik avtomobilini buraxıb. Peleton bir müddət təhlükəsizlik avtomobilinin müşayəti ilə dövrələr vurub. Döngələrin birində Rast qəfil yavaşlayıb və Şeldon Van der Linde onu keçməyə məcbur olub. Döğrudur, sonradan Van der Linde mövqeyi alman pilota qaytarsa da, restartdan sonra yenidən Rastı keçib. Avtomobili ilə problem yaşayan Rast digər pilotlar tərəfindən keçilib və sonunda avtomobilini boksa çəkməli olub.

Təhlükəsizlik avtomobilinin çıxması erkən pit stopa yollanan pilotlara yarayıb. Liderlərin pit-stopa yollanmasından sonra Eng və Eriksson önə çıxıblar. Hər iki pilot yarışın sonuna qədər mövqelərini qoruyaraq Münhen istehsalçısına dubl qazandırıblar. Podiumun son pilləsinə isə Audi pilotu Niko Müller qalxıb.

İlk onluqda Loik Dyüval, Mark Rokenfeller, Ceymi Qrin (hər üçü Audi), Marko Vittmann (BMW), Pol di Resta, Ferdinand fon Habsburq (hər ikisi - Aston Martin) və Bruno Spenqler (BMW) finiş görüblər.