Pandemiyadan ən çox əziyyət çəkənlər aviaşirkətlərlə yanaşı, nəhəng təyyarə istehsalçılarıdır. Onsuz da yaxşı günlərini yaşamayan Boeing-in vəziyyəti isə hər gün daha da çətinləşir. Şirkətin ən yeni modeli olacaq Boeing 777X-ın təqdimatı, test uçuşları dəfələrlə təxirə salındığı kimi, kütləvi istehsala başlanaraq müştərilərinə təhvil verilməsi də gecikəcək.

Test uçuşlarına bu ilin qışında başlanılan nəhəng təyyarə buna qədər də motor daxil olmaqla, bir sıra problemlərlə üzləşmişdi. Şirkətdən verilən məlumatda koronavirusla bağlı vəziyyətin yaxından izləndiyi, təyyarənin yer uçuş sınaqlarının davam etdiyi bildirilib.

Bu gecikmə amerikanlara baha başa gələ bilər. Belə ki, mövcud vəziyyətdə sərnişin sayının kəskin azalması, əvvəlki vəziyyətə qayıtmaq üçün ən azı 4-5 ilin lazım olduğunun proqnozlaşdırılması aviaşirkətləri böyük təyyarələr almaqdan çəkindirir.

Artıq məlum olduğu kimi, Emirates və Cathay Pacific kimi çox sayda 777X sifariş edən şirkətlər onların bir hissəsinin ləğv edilməsi, bir hissəsinin isə 787 DreamLiner ilə əvəzlənməsi üçün Boeing-lə danışıqlar aparırlar...