4.2 milyard dollarlıq razılığın ləğv edilməsi ilə bağlı açıqlamanı ABŞ-ın nəhəng təyyarə istehsalçısı rəsmi şəkildə verib. Xatırladaq ki, Boeing Embraer ilə bu müqaviləni Airbus-la Bombardier-nin tərəfdaşlığa başlamasından sonra, dar gövdəli təyyarələrdə bazar payını genişlətmək üçün bağlamışdı. Fransızlar artıq Bombardier-in CS100 və CS300 model təyyarələrini A220-100 və A220-300 adı altında istehsal edib satır.

Embraer rəhbərliyinin dünən təşkil etdiyi mətbuat konfransında təzminat almaq üçün lazım olan hər şeyin ediləcəyini, Boeing-in bu hərəkətinin yanlış olduğu bildirilib. Boeing-in 737 MAX skandalına görə ən azı 18,7 milyard dollar itirdiyi, onlara olan olan inamın azaldığı və bütün bunlara görə müxtəlif bəhanələrlə braziliyalılara 4,2 milyard dollar ödəməkdən yayındıqları bildirilib.