“Auto Express” nəşri illik Auto Express New Car Awards müsabiqəsinin nəticələrini yekunlaşdıraraq Böyük Britaniya bazarındakı ən yaxşı avtomobillərin adlarını açıqlayıb. Qaliblər ən yaxşı şəhər avtomobilindən tutmuş ilin elektrik furqonuna qədər 27 kateqoriya üzrə seçiliblər. Bundan başqa, əsas mükafatın sahibi - "2022-ci ilin ən yaxşı avtomobili" adına layiq görülmüş avtomobil də müəyyən edilib. Bu, Nissan Ariya elektrik krossoveridir.

İngilislər Fiat 500 modelini ilin ən yaxşı sitikarı hesab edirlər. Supermini (B-sinif) kateqoriyasında qalib Renault Clio, ən yaxşı ailə avtomobili isə, Dacia Jogger modeli olub. Ən yaxşı uniresallar siyahısına Skoda Octavia, korporativ avtomobillər siyahısına isə Renault Megane E-Tech Electric, Nissan Ariya və BMW 5 Series başçılıq edirlər. Kia Niro, Hyundai Tucson və Skoda Kodiaq ən yaxşı kütləvi krossoverlər seçiliblər, Mercedes-Benz GLA, Lexus NX və Land Rover Defender isə premium seqmentdə üstünlüyüə malik olublar.

“Auto Express” nəşrinin versiyasına görə, ilin lüks avtomobili Range Rover olub. "Qaynar" hetçbeklər kateqoriyasının qalibi Hyundai i20 N modelidir. Ən yaxşı kupe və kabriolet isə, BMW 2 Series kupesi və MINI Convertible kabrioleti seçiliblər. Münsiflər heyəti Porsche 718 Cayman GT4 RS sportkarını ilin idman avtomobili seçib. Eyni zamanda, MG ZS EV ən yaxşı büdcə elektromobili, BMW i4 isə premium elektrokarı olub. Hibridlər üçün bənzər kateqoriyalarda Toyota Yaris və Mercedes-Benz C300 e qalib gəlib.

İlin pikapı Ford Ranger seçilib, lakin vaxtında təqdim edilsəydi, bu ada yeni Volkswagen Amarok da layiq görülə bilərdi. Ən yaxşı furqonlar Fiat Ducato və Ford E-Transit elektrik furqonu seçiliblər. 2022-ci ilin Technology Award mükafatının qalibi Almaniyanın Ştutqartından İngiltərədəki Silverstoun yarış trekinə qədər məsafəni enerji doldurmadan qət etmiş Mercedes-Vision EQXX konsepti olub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.