KoreanCarBlog adlı bloq artıq bizim oxucularımıza tanışdır. Dəfələrlə bu bloqa istinad edərək koreya markalarının yeni modellərinin cəsus fotoşəkillərini dərc etmişik. Bu günlərdə bloq maraqlı bir iddia ilə çıxış edib. Bir müddət bundan öncə, Hyundai şirkətinin YouTube kanalında yaydığı videoçarxda koreya istehsalçısının yeni təhlükəsizlik sistemləri barədə söhbət açılıb.

Ən maraqlısı odur ki, bu çarxda nümunə olaraq, keçən il Nyu York avtosalonunda nümayiş etdirilmiş Genesis GV80 konseptinə bənzəyən krossover nümayiş etdilir. KCB bloqunun iddialarına görə, videodakı krossover Nyu Yorkda nümayiş etdirilmiş konseptinin seriya variantıdır. 

Əlbəttə ki, videodakı modelin eksteryer dizaynında konsept ilə fərqlər də mövcuddur. Məsələn, hər iki avtomobilin tavan xəttini müqayisə etsək, konseptdəki xəttin daha maili olduğunu görmək olar. Videoda əks etdirilmiş modeldə isə arxa hissənin dizaynı daha ənənəvi formalara malikdir.

Hər halda biz videodakı avtomobilin seriya modelinin olmasını iddia edə bilmərik. Bu sadəcə bir fərziyyədir.