Sabah işinə başlayacaq Cenevrə avtosalonunun ən gözlənilən premyeralarından biri Bugatti Atlantic hiperkarıdır. Bu avtomobilin yaradılması ətrafında aparılan tizer kampaniyası belə fransız markasına xas olmayan bir kampaniyadır. Bu gün fransız markası Type 57 SC Atlantic modelinin üslubunda hazırlanmış yeni hiperkarın növbəti videoçarx-tizerini dərc edib.

Üç saniyəlik çarxda ultraeksklyuziv modelin ön hissəsi təsvir edilir. Tizerdən göründüyü kimi, yeni Atlantic modeli heç də müharibədən öncəki klassik avtomobilə bənzəmir. Çox güman ki, yeni hiperkarın çöhrəsində Type 57 SC Atlantic modelində olduğu kimi, kuzovu iki yerə bölən xətt təkrar oluna bilər.

Məlumdur ki, II dünya müharibəsindən öncə dörd ədəd Type 57 SC Atlantic modeli istehsal olunub. Bunlardan üçü hazırda kolleksiyaçılarda olsa da, avtomobillərdən birinin taleyi naməlumdur. Yoxa çıxmış avtomobil vaxtı ilə Jan Buqqatiyə məxsus olub. Sonradan Jan avtomobili 1937-ci ildə “Le Manın 24 saatı” marafonunda qalib gəlmiş Robert Benuaya hədiyyə edib. Benua öz növbəsində avtomobili digər Bugatti pilotu və dostu Uilyam Qrover-Uilyamsa verib. 1939-1941-ci illərdə bu avtomobildən şirkətin mühəndisləri istifadə ediblər və avtomobilin konkret sahibi olmayıb.

Yoxa çıxmış avtomobil digər 1941-ci ildə Bordoya göndərilən avtomobillərin siyahısında olub. Bundan sonra, avtomobil yoxa çıxıb. Çox güman ki, yeni Atlantic modelinin inşası da bu dördlüyü tamamlamaq məqsədini daşıyır.  Eyni zamanda, bu avtomobil fransız markasının 110 illik yubileyinin bayram edilməsinin bir hissəsi olacaqdır. Bugatti şirkəti bu əlamətdar tarixi qeyd etmək üçün 20 ədəd 110 ans Bugatti hiperkarını buraxacağı məlumdur.

1936 Bugatti Type 57 SC Atlantic