Bugatti şirkəti vəd etdiyi kimi, 16 avqust tarixində Pebbl-Biçdə Centodieci hiperkarını təqdim edib. 10 nüsxəlik məhdud tirajla buraxılacaq hiperkarın bütün nüsxələri satılıb. Bugatti Centodieci modelinin baza qiyməti 8 milyon avro təşkil edir.

Centodieci italyancadan tərcümədə «yüz on» deməkdir. Avtomobilin adı nəinki tarixi superkara, həmçinin fransız markasının 110 illik yubileyinə də işarə edir. Qeyd etmək lazımdır ki, hiperkarın sələfi olan Bugatti EB110 SS modeli markanın banisi Ettore Buqattinin 110 illik yubileyinə həsr edilmişdi. Eyni zamanda, yeni hiperkar EB110 SS modelinin yaradıcıları Romano Artiolli və Marçello Qandiniyə də göstərilən ehtiramın əlamətidir.

Centodieci modelinin kuzovu Bugatti şirkətinin Dizayn Mərkəzində Axim Anşaydtın rəhbərliyi altında yaradılıb. Dizaynerlər qarşısında duran əsas məsələ maestro Qandinin yaradıcılıq irsini yenidən dərk etmək və yeni avtomobilə EB110 SS modelinin xarakterik cizgilərini bəxş etmək idi.

Müvafiq olaraq, Bugatti Centodieci sələfinin bir sıra xarakterik cizgilərinə sahib olub. Bunlara misal olaraq, kiçik «radiator barmaqlığını», nazik formalı «çəp» ön fənərləri, beş yumru dəliyi olan yan hava girişinı göstərmək olar. Bir sözlə, iti və aqressiv görkəmə malik olan yeni hiperkar donoru Chiron modelindən çox trek avtomobilinə bənzəyir.

Dizaynerlər mühərrikin tam görünməsini təmin etmək üçün kapotu panoram şüşə ilə əvəz ediblər. Mühərrikin soyudulmasını təmin etmək üçün isə, əlavə hava girişləri quraşdırılıb. Klassik Bugatti modelləri ilə oxşarlıq yaradan daha bir element iri diffuzorun yuxarı hissəsində bütöv zolaq şəklində yerləşdirilmiş arxa fənərlərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bugatti Centodieci fransız markasının seriya modelləri arasında mövcud olan ən güclü avtomobildir. Hiperkarın 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki 1600 at qüvvəsi hasil edir. Centodieci 100 km/saat həddini - 2,4, 200 km/saat həddini - 6,1, 300 km/saat həddini isə, 13,1 saniyəyə toplayır. Hiperkarın maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıb. Beləliklə, dinamik xarakteristikalarına görə Centodieci Chiron modeli ilə bənzərdir. Onun maksimal sürəti isə, Bugatti Divo «dizayner» hiperkarı ilə eynidir.