Dünən Rimac ilə Bugatti markalarının birləşməsi barədə xəbər vermişdik. Bu gün isə artıq yeni müştərək müəssisənin gələcək planları haqqında məlumat peyda olub. Yeni müəssisənin yaranmasına həsr edilmiş tədbirdə gələcək yeniliklər barədə məlumat səsləndirilib.

Rimac şirkətinin başçısı Mate Rimats Bugatti markasının ilk elektrokarının bu onillik ərzində işıq üzü görəcəyini, lakin onun Rimac Nevera hiperkarının surəti olmayacağını bildirib. Yeni modelin Chiron hiperkarı ilə də əlaqəsi olmayacaqdır. Bir sözlə bizi yeni nə isə gözləyir.

Eyni zamanda gələcək hiperkarların elektrikləşdirilməsinə baxmayaraq, onlar benzin turbomühərriklərini qoruyub saxlayacaqdırlar. Lakin yeni güc qurğusunun dörd turbokompressorlu 8,0-litrlik W16 mühərrikinə əsaslanıb-əsaslanmayacağı barədə məlumat verilməyib.

Bugatti-Rimac müştərək müəssisəsinin müşahidə şuarsının üzvü və Porsche şirkətinin rəhbəri Oliver Blumun bildirdiyinə görə, təkamülə baxmayaraq Bugatti hər zaman öz müştərilərinin fikrinə diqqətlə yanaşacaqdır. 

Bir sözlə, fransız markasının daxili yanma mühərriklərindən imtina etmək planları yoxdur. Gələcək modellər arasında isə gündəlik istifadə üçün yararlı avtomobillər də ola bilərlər. Qeyd etmək lazımdır ki, tədbir çərçivəsində örtük altında olan üç naməlum avtomobil də nümayiş etdirilib. Onlardan ikisinin silueti idman avtomobillərindən, biri isə klassik modeldən xəbər verir. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.