Bugatti şirkəti unikal Type 57 SC Atlantic kupesinin müasir interpretasiyasını göstərən videoçarxı yayıb. Şayiələrə görə, bu avtomobil Ferdinand Pixin sifarişi ilə yeganə nüsxədə inşa ediləcəkdir. Avtomobilin dəyəri 16 milyon avro təşkil edəcəkdir.

İstehsalçı öz xəbərində Bugatti Type 57 SC Atlantic modelini yenidən yaratmağın mümkün olmadığını yazıb və belə bir sual verib: kupenin dizayn üslubunu XXI əsrin tələblərinə uyğun transformasiya etmək olarmı?

İlkin məlumata görə, dünyanın ən bahalı yeni avtomobilini Chiron Sport modelinin bazasında inşa edəcəkdirlər. Yeni 57 SC Atlantic modeli 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki ilə hərəkətə gələcəkdir.

Məlumdur ki, Bugatti Type 57 SC Atlantic modelindən cəmi dörd ədəd istehsal edilib. Hazırda bu avtomobillərdən yalnız üçü qorunub-saxlanılıbdır. 2010-cu ildə belə avtomobillərdən birini hərracda 30 milyon dollara satıblar. Bu avtomobil fransız markasının 110 illik yubileyinin bayram edilməsinin bir hissəsi olacaqdır. Bugatti şirkəti bu əlamətdar tarixi qeyd etmək üçün 20 ədəd 110 ans Bugattihiperkarını buraxacağı məlumdur.