Bildiyimiz kimi, artıq Formula 1 çempionatında amerikan komandası var - dünyanın əsas yarış seriyasında ABŞ-ın şərəfini Haas F1 Team komandası qoruyur, lakin yaxın illərdə çempionatda başqa bir amerikan komandası peyda ola bilər. Zavod komandası yaratmaq niyyətində olduğunu General Motors konserni bəyan edib - bir çox çempionatlarda iştirak edən Andretti Global ilə birlikdə yaradılacaq komanda, tarixdə ilk dəfə olaraq Cadillac brendi altında Formula 1-də mübarizə aparacaqdır.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 çempionatına qatılacaq yeni iştirakçıların rəsmi axtarışına başlamadığı üçün Andretti Cadillac komandasının debüt tarixi hələlik açıqlanmayıb.

“General Motors yarışlardakı bu tarixi an üçün Andretti Global ilə əməkdaşlıq etməkdən şərəf duyur. Biz avtoidman və mühəndislik innovasiyaları sahəsində uzun və zəngin bir tarixə malikik, bu seriyaya və avtoidmana olan qlobal marağı artırmağa kömək edəcək Formula 1 komandası yaratmaq üzərində işləməkdən məmnunuq. Cadillac və Formula 1 getdikcə dünyada daha çox populyarlıq qazanır. Bir brend olaraq avtoidmanında bir əsrdən çox tarixə malik olduğumuz üçün, innovasiyalarımızı və fərqli dizaynımızı Formula 1-ə gətirməkdən qürur duyarıq”, - General Motors prezidenti Mark Royss bildirib.

F1 proqramını artıq bir sıra amerikan yarış seriyalarında iştirak edən Andretti Autosport, eləcə də Cadillac markasının zavod bölməsi həyata keçirəcəkdir. Amerikan brendi hazırda ABŞ-da keçirilən IMSA WeatherTech SportsCar Championship yarışlarında təmsil olunur və FIA WEC (World Endurance Championship) çempionatında debüt etməyə hazırlaşır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.