Caterham şirkətinin təkamülü iki istiqamətdə gedir: birinci istiqamət - güclü və son dərəcə yüngül avtomobillərin, ikinci isə, retro modellərin nostalji versiyalarının buraxılışını nəzərdə tutur. Bu günlərdə Caterham şirkəti öz model xəttini retro üslubunda olan Super Seven 1600 modeli ilə genişləndirib.

Caterham rəhbərliyi klassik Seven modelinin üslubunda olan və məhdud saylı tirajla buraxılmış xüsusi Sprint və SuperSprint versiyalarının müştərilər arasında çox populyar olduğunu qeyd edir. Müştərilər adı çəkilən modellərin bütün tirajını rekord müddətdə satın alıblar. Buna görə də, model xəttində daim təmsil olunacaq retromodelin debütü yalnız zamana bağlı idi.

Super Seven 1600 modifikasiyası,hazırda istehsalçının model xəttində baza modeli rolunu oynayan Caterham Seven 270 rodsterinə əsaslanır. Rodster 137 at qüvvəli Ford Sigma 1.6 Ti-VCT atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı 540 kiloqramlıq avtomobili 60 mil/saat (97 km/saat) həddinə cəmi beş saniyəyə sürətləndirir. Rodsterin maksimal sürəti 196 km/saatdır.

Caterham Super Seven 1600 rodsteri markanın klassik modellərində olduğu kimi kuzovun ortasına qədər uzanan ön qanadları, həmçinin yetmişinci illərin ingilis sportkarlarındakı kimi kobud səsə malik olan xüsusi buraxılış sistemi ilə seçilir. Digər retro elementlərə səkkizmilli yüngül lehimli təkər diskləri və arxa hissədə yerləşən ehtiyat təkəri üçün nəzərdə tutulmuş meydança aiddir. Salonda ağacdan hazırlanmış sükan çarxını və dəri ilə örtülmüş ön paneli görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla birlikdə, ingilis nostaljisinin bir hissəsi üçün yaxşıca pul ödəmək gərəkdir: rodsterin başlanğıc qiyməti 33.495 funt sterlinq təşkil edir. Bu, Seven 270 modeli üçün tələb ediləndən 6.000 funt çoxdur. Müqayisə üçün, retro elementlərə malik olamayan, lakin 213 at qüvvəli 2,0-litrlik Ford Duratec mühərriki ilə tıəchiz edilən Caterham Seven 420 modeli üçün 34.490 funt sterlinq tələb olunur.