İnsanlar müxtəlif olduğu kimi, onlarında zövqləri də müxtəlifdir. Məsələn, götürək Aston Martin şirkətinin Zagato atelyesi ilə birlikdə hazırladığı unikal Vanquish Zagato Shooting Brake superkarını. Şəxsən mənim belə bir unikal avtomobil almaq şansım olsaydı, mütləq Lava Red tünd qırmızı rəngini seçərdim.

Bu günlərdə Aston Martin şirkətinin rəhbəri Əndi Palmerin dərc etdiyi şəkilləri görəndə isə, insanın içindən «belə də yox!» demək gəlir. Aston Martin şirkətinin həyətində çəkilmiş şəkillərdə çəhrayı rəngə boyanmış Aston Martin Vanquish Zagato Shooting Brake təsvir edilibdir. Əlbəttə ki, sizin pulunuz müqabilində Aston Martin sifariş etdiyiniz avtomobili istənilən rəngə boyaya bilər, lakin, o gözəllikdə avtomobili belə hala salmaq... Deməyə söz tapa bilmirəm...

Xatırladaq ki, Zagato seriyasından olan Coupe, Volante və Shooting Brake 99 nüxsədən ibarət tirajla buraxılacaqdır. Speedster modeli isə  ümumiyyətlə nadir tapılan avtomobillərdən olmalıdır, çünki cəmi 28 ədəd belə avtomobilin buraxılması planlaşdırılır.  

Aston Martin Vanquish Zagato superkarları gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.