Növbəti Cenevrə avtosalonun başlanmasına bir neçə ay qalmasına baxmayaraq, bəzi avtomobil istehsalçıları bu tədbirə indidən hazırlaşmağa başlayıblar. Məsələn, Çinin Changan şirkəti İsveçrədə nümayiş etdirməyi planlaşdırdığı Uni-T krossoverini təqdim edib.

4515 mm uzunluğu və 2710 mm təkər bazası olan krossoverin dizaynı tamamilə yeni və cəsarətli üslubdadır. Qeyd etmək gərəkdir ki, markanın mövcud olan modellərinə bənzəməyən Uni-T modeli tamamilə işıqdiodlarından hazırlanmış optikaya, ön qapıların çıxan dəstəklərinə, beşinci qapıdakı ikiyə bölünmüş spoylerə və buraxılış sisteminin trapesiyaşəkilli çıxış borularına sahibdir. Krossoverin 17-19 düymlük təkər diskləri ilə təchiz ediləcəyi də bəyan edilib.

Çin markası modelin eksteryerini nümayiş etdirsə də, interyerini sirr olaraq saxlayıb. Texniki hissəyə gəldikldə isə Changan Uni-T modelinin 1,5 və 2,0-litrlik turbomühərriklər ilə təchiz ediləcəyi bildirilib. Tam ötürmənin mümkünlüyü hələlik müəmma olaraq qalır. Görünən odur ki, Changan şirkəti Avropa bazarına girməyə cəhd edir. Avtomobil haqqında ətraflı məlumat martda veriləcəkdir.