Yarımkeçiricilərin çatışmamazlığı yeni avtomobillərin istehsalına zərər vurmağa davam edir. Bu günlərdə General Motors konserni çip çatışmamazlığı ucbatından Chevrolet və GMC markalarından olan onlarla avtomobilin oturacaqların və sükanın qızdırılması funksiyalarından məhrum olduğu barədə məlumat verib. Üstəlik, bu avadanlığın sonradan diler mərkəzlərində avtomobilə quraşdırılması mümkün deyil – istehsalçı texniki səbəblərdən bunu həyata keçirə bilməyəcəyini söyləyib. Bununla yanaşı, artıq avtomobilləri sifariş etmiş müştərilərə 500 dollar məbləğində güzəşt ediləcəyi də bildirilib.

"Automotive News" nəşrinin bildirdiyinə görə, General Motors konserni rəsmi dilerlərə bu vəziyyətin izah edildiyi bildirişi göndərib. Hesabatda sözü gedən avtomobillərin adı konkret olaraq göstərilməsə də, onlarla Chevrolet modelinin sükanın və oturacaqların qızdırılmasından məhrum olacağı bildirilib. Bu modellərin arasında populyar Chevrolet Blazer və Chevrolet Equinox krossoverləri daxil olmaqla, konsern tərəfindən buraxılan krossover və ofrouderlərin əksəriyyəti var. İstisna yalnız top təchizat səviyyəsində olan Chevrolet Silverado və GMC Sierra pikaplarıdır. Qalan versiyalar sükan və oturacaqların qızdırılması olmadan çatdırılacaqlar.

Bildirişdə konsern tərəfindən Buick və Cadillac markaları qeyd olunmayıb. Xatırladaq ki, bir müddət bundan öncə, yarımkeçiricilərin çatışmamazlığı ucbatından Escalade modeli Super Cruise yarım avtonom idarəetməsi sistemindən məhrum edilmişdi.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.