Əfsanəvi Chevrolet Corvette modeli inqilabın kandarındadır: modelin növbəti nəsli önmühərrikli quruluşu ortamühərrikliyə dəyişməlidir. Corvette modelinin səkkizinci nəslinin debütü yaz aylarında baş tutacaqdır. Bununla belə, General Motors konserni cari yeddinci nəsli təmtəraqlı şəkildə yola salmaq qərarına gəlib və Avropa bazarında satılacaq Final Edition seriyasını hazırlayıb. Yeni təchizat səviyyəsi yalnız Grand Sport və Z06 versiyalarında kupelər üçün nəzərdə tutulub.

Chevrolet Corvette Grand Sport 466 at qüvvəsi hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki, Z06 variantı isə, eyni mühərrikin 659 at qüvvəli variantı və adaptiv şassi ilə təchiz edilir. Kupe 100 km/saat həddinə, müvafiq olaraq, 4,1 və 3,7 saniyəyə sürətlənir.

Final Edition təchizat səviyyəsinə malik olan Corvette Brembo karbon-saxsı əyləc mexanizmlərinə, xüsusi örtüyü və tikişləri olan Competition oturacaqlarına, telemetriyanın yazılması sisteminə, həmçinin kuzovun və interyerin orijinal karbon dekoruna sahib olub. "Final" seriyasından olan avtomobillər adi “Korvetlər” üçün əlçatan olmayan xüsusi rənglərə boyanacaqdır. Əlavə olaraq, kupeni seriyanın adı olan zolaqlarla bəzəmək mümkün olacaqdır.

Bundan başqa, Chevrolet Corvette Z06 Final Edition standart olaraq əlavə aerodinamik elementlər (splitter, spoyler) və Michelin Pilot Sport Cup 2 şinləri daxil olan Z07 dəsti ilə də təchiz ediləcəkdir. Grand Sport modifikasiyası üçün bu dəst opsiya şəklində təklif olunacaqdır.

"Final" seriyasından olan kupeləri yeddi pilləli mexaniki və ya səkkiz pilləli avtomatik qutular ilə də sifariş etmək olar. Qeyd etmək lazımdır ki, transmissiya seçimi qiymətə təsir etməyəcəkdir.