Ineos neft-kimya korporasiyasının rəhbərliyi “Land Rover Defender fəlsəfəsinə” malik olan ofrouderin Cənubi Uelsdəki Bricende şəhərindəki zavodda istehsalının təşkil edilməsi barədə Ford şirkəti ilə danışıqlar aparır. Bunun üçün zavodun Jaguar Land Rover ittifaqı üçün mühərrik istehsal edən hissəsindən istifadə oluna bilər.

İki il bundan öncə Ineos korporasiyasının başçısı və milyarder Cim Retkliff Land Rover şirkətinə Defender ticarət nişanını və ofrouderin istehsalı üçün gərək olan konveyerin bir hissəsini almaq təklifi ilə müraciət etmişdir. Lakin, rədd cavabı alan iş adamı müstəqil şəkildə “Land Rover Defender fəlsəfəsinə” cavab verən Grenadier adlı avtomobili hazırlamaq qərarına gəlib.

Xatırladaq ki, bir müddət bundan öncə Cim Retkliff qismən Daimler AG konserninə məxsus olan MBTech alman mühəndislik firması ilə müqavilə bağlayıb.

MBTech mühəndislik firması Ineos şirkətinə test “qatırlarının” və ilk prototiplərin yaradılmasında yardım edəcəkdir. Bu müqavilə çərçivəsində “Qrenadyor” layihəsinin üzərində çalışmaq üçün Ştutqart firması 200 mühəndisi ayıracaqdır. Ineos Automotive şirkətinin başçısı Dirk Haylmanın sözlərinə görə, onlar alman mühəndis incəsənətini britaniya dizaynı və işgüzarlığı ilə birləşdirəcəkdirlər. MBTech mütəxəssislərinin qarşısında duran vəzifələrdən biri də “əsil etibarlı və güzəştsiz yolsuzluq avtomobilinin” yaradılmasıdır.