«Çörək pulu». Bu kəlmədə nə qədər böyük hikmətin gizləndiyini çoxları bilmir. Bu kəlmənin köməkliyi ilə bir çox bəlalardan xilas olmaq, etdiyiniz məntiqsiz hərəkətlərə məna qazandırmaq olar. Məsələn, ictimai nəqliyyatın sürücüləri hesab edirlər ki, onlar sükan arxasında çörək pulu qazandıqları üçün digərilərindən üstündürlər və ürəkləri istəyəni edə bilərlər. Başqasını zolağında sıxışdırmaq, üstünlük qarşı tərəfdə olduğu halda onu vecinə almayaraq qarşısına çıxmaq. harda gəldi avtomobili park etmək onların müstəsna hüquqlarıdır. Kişilər çörək pulu qazanır axı...

Digər bir misal. Uzun müddətdir ki, bazarımıza ekologiyaya ziyan vuran avtomobillərin gətirilməsi geniş vüsət alıb. Avtomobil parkında olan köhnə minik avtomobillərinin sayı 900 mini keçib. Deyəndə ki, belə avtomobillərin gətirilməsinin qarşısı alınmalıdır, o dəqiqə başlayırlar ki, «nə istəyirsiniz, imkan verin camaat çörək pulunu qazansın». Yahu, biz heç kimin çörək puluna bais olmaq istəmirik, amma həmin pula aldığınız çörək ilə birlikdə həm özünüzü, həm balalarınızı, həm də ətrafdakıları zəhərləyirsiniz. Sonra da qazandığınız o çörək pulunu apteklərdə, tibb müəssisələrində qoyub çıxırsınız.

Ən maraqlı fikri bu yaxınlarda bir mötəbər təşkilatın yığıncağında eştdim. Yığıncaq istirakçılarından biri «ədalətli olun, kasıb da balalarını avtomobilə yığıb təbiətə aparmaq istəyir, sizlər isə onu bu şansdan məhrum etmək istəyirsiniz».  Xub, həmin avtomobili ölkəsində qadağan etmiş Avropa dövlətlərinin sakinləri balalarını yığıb səyahətə çıxmaq istəmirmi? Anası ölmüş «nemes» çörək pulu qazanmaq istəmirmi? Əcəba, o yetimlər nədən tez-tələsik canlarını bu avtomobillərdən qurtarmaq istəyirlər? Çünki, ekologiyanı və sağlamlıqlarını düşünürlər.

Deyəcəksiniz ki, rəhmətliyin oğlu nə ekologiya, nə hibrid, nə elektrokar? Camaat acından asfalt gəmirir, sən nədən dəm vurusan? Vallah bu günə qədər küçədə asfalt gəmirən görmədim, əksinə toylarda, iraq sizlərdən, yaslarda yeməyin tökülüb qaldığını gördüm.

Ağlı başında olan insan təkcə bu gününü deyil, sabahını da fikirləşməlidir. Bu gün insan təbiətə vurduğu ziyanın sabah ona dəhşətli, müalicəsi olmayan xəstəliklər şəklində qayıdacağını anlamalıdır. Bu beş günlük dünyada beş manatın sahibi olmaq üçün, millətinin, övladlarının gələcəyini gözardı etmək olmaz. 

Atalarımız demişkən - papağınızı qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin.  Ürəyim dolu olsa da, məndən hələlik bu qədər. Sonra, demədi deməyin…