Seat şirkətinin tərkib hissəsi olan Cupra markası, MEB platformasında inşa edilmiş ilk qaynar elektrik hetçbekini təqdim edib. Cupra el-Born modeli ID.3 hetçbekinin yaxın qohumudur. Xatırladaq ki, el-Born hetçbeki ilk dəfə Seat markası altında "mülki" versiyada nümayiş etdirilmişdi. Lakin, Seat şirkəti "qaynar" Cupra el-Born hetçbekini birinci seriyaya buraxmaq qərarına gəlib.

Cupra el-Born hetçbeki, keçən yazda nümayiş etdirilmiş eyni adlı Seat konseptini tam şəkildə təkrarlayır. Avtomobilin eksteryerində baş vermiş dəyişiklər ön hissənin xüsusi dizaynından ibarətdir: bamperdəki hava girişləri böyüdülmüş, fənərlərin arasında isə, mərkəzində loqotip bərkidilmiş boşluq peyda olmuşdur. Bundan başqa, hetçbek daha iri yan ətəklərə və ikirəngli təkər disklərinə sahib olub. Salondakı dəyişikliklər yeni tərtibat materiallarından və güclü dəstəyə malik olan idman oturacaqlarından ibarətdir.

Cupra el-Born modelinin arxa oxunda quraşdırılmış elektrik mühərrikinin gücü açıqlanmır, ancaq mühərrikin 82 kilovat-saatlıq (Seat el-Born üçün 62 kilovat-saatlıq batareya nəzərdə tutulub) batareyadan qidalandığı bilinir. Üstəlik, bu tutumdan yalnız 77 kilovat-saatı əlçatandır.

Yerindən 50 km/saat həddinə (Avropanın əksər şəhərlərində maksimal sürət həddi belədir) hetçbek 2,9 saniyəyə sürətlənir. Mühəndislər elektrokarı Dynamic Chassis Control Sport (DCC Sport) sistemi ilə təchiz ediblər. Bu sistem avtomobilə yol şəraitinə uyğunlaşmağa imkan verir. Enerji yükləmədən Cupra təxminən 500 kilometr məsafə qət edəcəkdir.

Cupra el-Born hetçbeki Volkswagen şirkətinin Zvikkau (Almaniya) şəhərindəki zavodda ID.3 hetçbeki ilə birlikdə yığılacaqdır. Cupra el-Born modelinin satışlarına 2021-ci ildə başlanmalıdır.