Dünən Dodge şirkətinin yeni avtomobil təqdim edəcəyini yazmışdıq və hətta bu modelin Charger Widebody olacağını da bildirmişdik. Həqiqətən də, dünən seriya modeli ilə yanaşı, amerikan markası yeganə nüsxədə inşa edilmiş Dodge Charger SRT Hellcat Widebody modelini nümayiş etdirib. Dodge nümayəndələri bu modelin Pikes Peak dağa dırmanma yarışlarında iştirak üçün xüsusi olaraq hazırlandığını bildiriblər. Avtomobili idarə etmək isə Rendi Pobsta həvalə edilib.

Beləliklə, yeni avtomobil 707 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. Dodge mühəndisləri mühərriki hündürlükdə çalışmaq üçün xüsusi tənzimləmələr və yarış buraxılış sistemi ilə təchiz ediblər. Məlumdur ki, “Payks Pikin” start nöqtəsi 2862 metr, finiş nöqtəsi isə 4302 metr hündürlükdə yerləşir. Bundan başqa, sedan Bilstein amortizatorları və Toyo Proxes RR şinləri taxılmış 20-düymlük təkər diskləri, yarış sükan mexanizmi, yarış kresloları və təhlükəsiz yanacaq çəni ilə təchiz edilib.

Məlum məsələdir ki, bu yarışlarda istirak edən hər bir avtomobil güclü əyləc mexanizmlərinə malik olmalıdır. Dodge mütəxəssisiləri Charger SRT Hellcat Widebody modelini Brembo əyləc mexanizmləri ilə təchiz ediblər. Avtomobil öndə altıporşenli, arxada isə dördporşenli mexanizmləri əldə edib. Bununla yanaşı, sedan SRT mütəxəssisləri tərəfindən hazırlanmış səkkiz pilləli TorqueFlite avtomatik ötürmələr qutusu ilə təchiz edilir.