Citroen şirkətinin premium subbrendi olan DS markası DS 9 biznes sedanının Avropa bazarında satılacaq versiyasını təqdim edib. Yeni bayraqdar uzunbazalı Peugeot 508 L liftbekinin əsasıda inşa edilsədə, qohum modeldən kuzov növü, interyer dizaynı, salonun daha dəbdəbəli tərtibatı və qabaqcıl elektron yardımçıların mövcudluğu ilə seçilir.

Avropada satılacaq DS 9 modelinin eksteryer dizaynı, beş ay bundan öncə Çin debüt etmiş eyni adlı biznes sedanını təkrarlayır. Kapotdakı cəsarətli xətt, bamperdəki hava girişlərinin və işıq texnikasının xrom haşiyələri, həmçinin  "gizli" qapı dəstəkləri də qorunub saxlanılmışdır. İki versiya arasındakı fərq fənərlərin tərtibatında və emblemlərin yerləşməsindədir.

Ölçü baxımından yeni DS 9 modelini BMW 5-Series ilə müqayisə etmək olar: sedanın uzunluğu 4933 mm, eni - 1855 mm, hündürlüyü - 1468 mm, təkər bazası isə 2895 mm təşkil edir. DS 9 sedanı Renault Talisman modelindən 83 millimetr böyükdür və buna görə də, PSA konserninin sedanını fransız markaları arasında bayraqdar minik avtomobili hesab etmək olar.

DS 9 modelinin salonu DS 7 Crossback krossoverinin salonun demək olar ki, dəqiq surətidir. Sedan və krossover ümumi sükana, ön panelə və mərkəzi tunelin arxitekturasına, eyni virtual cihazlar panelinə və mediasisteminin 12-düymlük ekranına malikdirlər. DS 9, mərkəzi havalandırma sisteminin deflektorlarının arasında yerləşən Breguet saatını və transmissiyanın selektorunun ətrafındakı düymələrin “dişli" tərtibatını krossoverdən irsən alıb.

Avtomobilin opsiyalar siyahısına adaptiv  LED optika, yolun səthini "oxuyan" kameraya malik olan və hər bir amortizatorun sərtliyini əvvəlcədən fərdi şəkildə tənzimləyən xüsusi asqı sistemi, havalandırma, isitmə, soyutma və masaj funksiyalarına malik olan multikonturlu dəri oturacaqlar, ikinci səviyyəli avtopilot, həmçinin 100 metrlik məsafəni aydınlatan gecə görmə, sürücünün vəziyyətini izləmə, kor zonalara nəzarət  sistemlərinə və yol nişanlarını tanıma köməkçisinə malik olan DS Safety kompleksi daxildir.

İlkin olaraq, satışa ön ötürməli və Peugeot 508 modelindən tanış olan E-Tense hibrid güc qurğusu ilə təchiz edilmiş DS 9 sedanı çıxacaqdır. Güc qurğusunun tərkibinə 1.6 PureTech benzin turbomühərriki, 8-pilləli “avtomat”, 109 at qüvvəsi hasil edən elektrik mühərriki və 11,9 kilovat-saatlıq batareya daxildir. Hibrid qurğunun ümumi hasilatı 225 at qüvvəsinə bərabərdir. Sedan elektrik ötürməsi ilə təxminən 40 ilə 50 kilometrə arasında məsafə qət edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Gələcəkdə, DS 9 modelinin 360 at qüvvəsinə malik olan tam ötürməli hibrid modifikasiyası da təklif ediləcəkdir. Çində isə, DS 9 sedanı alternativi olmayan 250 at qüvvəli hibrid modifkasiyada satışa çıxarılacaqdır.

DS 9 modelinin kütləvi təqdimatı gələn həftə işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. Çox güman ki, PSA konserni bu tədbirdə yeni bayraqdarın satışının başlanacağı tarixi və müxtəlif bazarlar üçün nəzərdə tutulmuş qiymət siyahısını açıqlayacaqdır.