Bu gün keçirilən mövsümün son təsnifat mərhələsinin qalibi BMW komandasının britaniyalı pilotu Tom Blomkvist olub. Britaniyalı Hokkenhaymrinqi 1.30,491 zamanla qət edərək birinci yerdən start almaq hüququnu əldə edib.

Sıralamalar başlamazdan öncə, Audi pilotları Ceymi Qrin və Mattias Ekstremin cəza aldıqları məlum olub. Bu günki yarışda Ceymi Qrin 10 yer, Mattias Ekstrem isə 5 yer itirəcəkdir. Mattiasın titul uğrunda mübarizədə başlıca rəqibi olan Ceymi Qrinin cəza alması ən çox Audi komandasının debütantı Rene Rastın işinə yarayır.

Bu gün Renenin yarışa ilk cərgədən başlayacağını nəzərə alsaq, rəqiblərinin 14-ci və 15-cı yerə düşməsi onun şanslarını artırır.

Bu arada sıralamanı səkkizinci bitirən Mayk Rokenfellerin də şansları yüksəlib. Qrinin cəzasından sonra bir pillə yüksələn Rokkiyə Rastı keçərək qalib gəlmək tələb olunur. Əlbəttə, onun titula sahib olması üçün Ekstrem və Qrinin uğursuzluğa düçar olması gərəkdir.

Yarışı ikinci cərgədən başlayan pilotlar Marko Vittmann (BMW) və Lukas Auer (Mercedes) olacaqdır.

Qrinin cəza almasından sonra üçüncü cərgəyə Robert Uikkenz (Mercedes) və Maksim Marten (BMW) yüksəliblər. Mayk Rokenfeller və Auqusto Farfus (BMW) isə, yarışı dördüncü cərgədən başlayacaqdırlar. Beşinci cərgədən start almaq şansı Qəri Paffett (Mercedes) və Timo Qloka (BMW) qismət olub.

Yeri gəlmişkən, sıralamalarda ciddi texniki problem də yaşanıb. Drenaj sisteminin qapağının yerindən oynaması Pol di Restanın avtomobilinin zədələnməsinə səbəb olub. Problemin aradan qaldırılması məqsədi ilə sessiya qırmızı bayraqlarla dayandırılıb və yerli vaxtla 12:45-də yenidən başlayıb.

Beləliklə, sonuncu təsnifat mərhləsinin nəticələri bu gün keçiriləcək sonuncu 18-ci yarışı daha həyəcanverici edəcəkdir. Çempion titulunun taleyi yalnız damalı bayrağın dalğalanmasından sonra məlum olacaqdır.