Bazar günü keçirilən təsnifat mərhələsinin qalibi Mercedes komandasının britaniyalı pilotu Qəri Paffett olub. Doğma torpaqda çıxış edən Qəri Brands Hatch-dəki dövrəni 1.17,948 zamanla qət edərək bu gün keçiriləcək yarışı ilk sıradan başlamaq hüququnu əldə edib.

Britaniyalı pilotu onun həmyerlisi Pol di Resta təqib edib. Şotland pilot Paffettə 0,073 saniyə uduzub. Beləliklə, bu günki yarışın ilk sırası Böyük Britaniyadan olan pilotlardan ibarətdir. İkinci sıra isə tam tərkibdə almanlara qismət olub. Sabiq Formula 1 pilotu Paskal Verlyayn (Mercedes) üçüncü, qüvvədə olan dünya çempionu Rene Rast  (Audi) isə dördüncü yerdən yarışı başlayacaqdır.

Üçüncü sıradan start alacaq pilotlar Lukas Auer (Mercedes) və Robin Friynsdir (Audi). Auqusto Farfus (BMW) yeddinci, Loik Dyüval isə səkkizinci yerdən start alacaqdırlar.

İlk onluğu Makro Vittmann və Filipp Eng (hər ikisi  BMW) tamamlayıb.