Subaru şirkəti 293 ədəd Ascent krossoverini məhv edəcəkdir. Şirkət bunun səbəbinin avtomobillərin kuzovunun mərkəzi dayağında qaynaq yerlərinin olmaması ilə izah edib. Avtomobilləri təmir etmək mümkün olmnadığına görə onları məhv etmək qərarı alınıb.

Consumer Reports nəşrinin məlumatına görə, qüsurlu avtomobillərdən yalnız doqquzu satılıbdır. Qalanları isə diler mərkəzlərinin anbarlarındadır. ABŞ-ın Yol hərəkətinin təhlükəsizliyi idarəsinə göndərilən bəyanata istehsalçı bütün avtomobillərin zavodun nümayəndələri tərəfindən ciddi araşdırılacağını bildirib. Deffektli qaynaq yerləri aşkar edilən avtomobillər yenisi ilə əvəzlənəcəkdir. Geri çağrılan avtomobillər isə məhv ediləcəkdir.

Geri çağırma kampaniyası ilə yanaşı Subaru dilerlərinə inspeksiyanın sona çatmasına qədər Ascent modellərini satmağa qadağan edib.

Xatırladaq ki, Subaru Ascent yapon istehsalçısının ən iri krossoveridir. Subaru Ascent FA ailəsinə daxil olan yeni dörd silindrli 2,4-litrlik turbokompressorlu oppozit mühərriki ilə təchiz edilir. Bu mühərrik 2,0-litrlik oppozit mühərrikini təkmilləşdirilmiş variantıdır. Birbaşa çiləmə sisteminə, ikiaxınlı turbokompressora malik olan aqreqat 260 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edir. Güc aqreqatı gücləndirilmiş Lineatronic variatoru və firma Symmetrical All-Wheel Drive tam çəkiş sistemi ilə tandemdə çalışır.